ÜMUMİ TARİX FƏNNİNİN TƏLİM NƏTİCƏLƏRİ VƏ MƏZMUN XƏTLƏRİ


Похожее изображение




Ümumi təlim nəticələri 
       Ümumi orta təhsil səviyyəsinin sonunda şagird:
·        tarixi dövrləri və sivilizasiyaları xarakterik əlamətlərinə görə fərqləndirir, tarixi şəxsiyyətləri, hadisələri və faktları dövr baxımından qiymətləndirir, onlara münasibət bildirir;
·        tarixi paralellər aparmaq yolu ilə ayrı-ayrı dövlətlərin inkişaf istiqamətlərini, ictimai, iqtisadi, siyasi prosesləri müqayisə edir, nəticə çıxarıb mülahizələrini şərh edir;
·        müxtəlif tarixi mənbələri araşdırmaqla lazımi materialları toplayıb sistemləşdirir və təqdim edir.
 Tam orta təhsil səviyyəsinin sonunda şagird:
·        mənbələr əsasında müxtəlif tarixi hadisələri təhlil edir, onların arasındakı oxşarlıq və ziddiyyətlərin səbəblərini izah edir, konkret tarixi hadisələrə dair əlavə məlumat toplayır, onları sistemləşdirir və təqdim edir, şəxsi mülahizələri əsasında referat, məruzə və tezislər hazırlayır;
·        dünya tarixində baş verən prosesləri və hadisələri Azərbaycan tarixinin eyni dövrləri ilə müqayisə edir, təhlillər aparır və öz mülahizələrini bildirir;
·        tarixi mövzulardakı dialoqlarda, keçmiş və müasir tarixi proseslərə dair müzakirələrdə öz mövqeyini bildirir və əsaslandırır;
·        cəmiyyətlərin inkişafında islahat və inqilabların rolunu fərqləndirir, onlara öz münasibətini bildirir;
·        aqrar (ənənəvi), sənaye və informasiya cəmiyyətlərini müqayisə edir, onların xarakterik cəhətlərini izah edir;
·        tarixi proseslər və hadisələr arasında səbəb-nəticə əlaqələrini müəyyənləşdirir;
·        müasir dövrün qlobal problemlərini şərh edir, onların aradan qaldırılması ilə bağlı öz fərziyyələrini bildirir.

1.2. Fənnin məzmun xətləri və onların əsaslandırılması
Ümumi tarix fənninin məzmunu onun məzmun xətləri əsasında qurulur. Məzmun xətləri fənn üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasının istiqamətlərini müəyyən edir.
Ümumi tarix fənni üzrə ümumi və tam orta təhsil pillələri üçün ümumi olan aşağıdakı məzmun xətləri müəyyənləşdirilmişdir:
1.     Tarixi zaman
2.     Tarixi məkan
3.     Dövlət
4.     Şəxsiyyət
5.     Mədəniyyət
Ümumi tarix fənnindən hər sinifdə şagirdin fəaliyyətinin səviyyəsi məzmun xətləri üzrə standartlara uyğun olaraq inkişaf etməkdə davam edir. Hər bir sonrakı sinifdə şagird əvvəlkinə nisbətən daha mürəkkəb zehni, əməli, kommunikativ fəaliyyətləri icra etməli olur, yəni şagirdlərin fəaliyyətinə verilən tələblər sinifdən sinfə keçdikcə mürəkkəbləşir.

Tarixi zaman

Tarixi fakt müəyyən bir zaman çərçivəsində baş verir. Hadisənin baş verdiyi vaxtı müəyyən etməklə onun özündən əvvəlki və sonrakı hadisələrlə əlaqəsini, səbəb və nəticələrini müəyyən etmək olar. Məktəblinin zamanla bağlı təsəvvürü yoxdursa, onda onun tarixlə bağlı təsəvvürləri də tarixi bilik deyildir. Tarixi faktları zamanla əlaqədə götürmədən düzgün tarixi biliyə malik olmaq qeyri-mümkündür.
Tarixin mənimsənilməsində xronologiyanın böyük rolu vardır. Xronologiyanın mənimsənilməsi tarixi yadda saxlamağa, tarixi hadisələrin ardıcıllığını müəyyənləşdirməyə, onların arasındakı əlaqəni ortaya çıxarmağa imkan verir.
 Xronoloji və sinxron məsələlərin həlli tarixi faktın ardıcıl və şüurlu mənimsənilməsində, onlar arasındakı əlaqənin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır, tarix materialının ümumiləşdirilməsinə, dərk olunmasına imkan yaradır.

Tarixi məkan

Müəyyən tarixi proses zamanla yanaşı, konkret bir məkan daxilində baş verir. Konkret məkanla əlaqədə götürülməyən tarixi fakt real məzmundan uzaq, mücərrəd bir təsəvvür hesab edilir. Faktların məkan əlaqələri onların mənimsənilməsinin ən zəruri şərtlərindən biri kimi çıxış edir.
         Məkanın müəyyən edilməsi təbiətlə cəmiyyət arasındakı əlaqəni aşkara çıxarmağa, onların qarşılıqlı təsirini görməyə imkan verir. İnsanlar, xalqlar, dövlətlər, cəmiyyətlər bir-birlərindən təcrid edilmiş vəziyyətdə uzun müddət yaşaya bilməzlər. Onlar inkişaflarını təmin etmək üçün bir-biri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər. Bu əlaqələrin sabitliyi, dinamikliyi, yaxud qısamüddətliliyi onların yerləşdiyi məkanın xarakterindən, orada baş verən hadisələrdən asılı olur. Tarixi məkanın xalqların, dövlətlərin və cəmiyyətlərin həyatına təsirini nəzərə almaqla onların inkişaf xüsusiyyətlərini müəyyən etmək mümkündür. Bütün bunlar isə tarixi faktların məkan əlaqələrinin öyrənilməsini və qiymətləndirilməsini zəruri edir.


 Dövlət
Ən qədim dövrlərdən insanlar özlərinin maddi tələbatlarını ödəmək üçün öz aralarında müəyyən münasibətlərə girmiş, istehsal fəaliyyətlərini təkmilləşdirmişlər. İstehsalın inkişafı insanlar arasında iqtisadi münasibətlərin xarakterinə də təsir göstərmişdir.
 İqtisadi həyatda baş verən proseslər cəmiyyətin təşkili formalarının dəyişməsinə, sosial qrupların, təbəqələrin yaranmasına gətirib çıxarır. Dəyişikliklərdə sosial hərəkatlar əhəmiyyətli rol oynayır. Cəmiyyətin inkişafı prosesini öyrənmək və dərk etmək üçün onun sosial-iqtisadi həyatı haqqında biliklərə yiyələnmək və onları qiymətləndirmək zəruri hesab edilir.
İnsanların daxil olduğu ən mürəkkəb və eyni zamanda sabit qurum dövlətdir. Tarix təlimində məktəblilərin dövlətin yaranması prosesi, onun tipləri, idarəçilik formaları ilə tanış olmaları dövlətin siyasi quruluşu ilə ölkənin sosial-iqtisadi, mədəni həyatı arasındakı əlaqəni görməyə, dövlətin cəmiyyətin həyatındakı rolunu başa düşməyə kömək edir.

Şəxsiyyət
Tarixi şəxsiyyətlərin fəaliyyəti tarixi hadisələrin gedişinə müəyyən təsir göstərir. Onların fəaliyyətinin təhlil edilməsi və qiymətləndirilməsi tarixdə görkəmli şəxsiyyətlərin rolunu müəyyənləşdirməyə, hadisələrin səbəb-nəticə əlaqələrini müəyyən etməyə imkan verir. Bu mənada şagirdlərin tarixi inkişafın müxtəlif mərhələlərində şəxsiyyətin rolunu dəyərləndirməsi üçün onları dünya tarixinin görkəmli şəxsiyyətləri ilə tanış etmək, həmin şəxsiyyətlərin fəaliyyətini öyrənməyə, bu fəaliyyəti müzakirə etməyə, nəticələr çıxarmağa sövq etmək böyük əhəmiyyət daşıyır.
Mədəniyyət

         Tarixin təlimində ayrı-ayrı tarixi dövrlərin mədəniyyəti barəsində biliklərə yiyələnmək mədəniyyətin təşəkkülü və inkişafı ilə siyasi, sosial-iqtisadi həyat arasındakı əlaqəni görməyə, qiymətləndirməyə imkan verir. Mədəniyyət tarixinin öyrənilməsi həm də xalqların və sivilizasiyaların dünya mədəniyyətinin zənginləşməsindəki rolunun dəyərləndirməsində, mədəniyyətlərarası və sivilizasiyalararası münasibətlərin bəşəriyyətin sonrakı inkişafına təsirini müəyyənləşdirilməsində əsaslı rola malikdir.


Комментариев нет:

Отправить комментарий