İNŞA, ESSE VƏ MƏRUZƏLƏRİN YAZILMASI


Картинки по запросу insa yaziMüxtəlif məzmunda (rəy, təsvir, mühakimə və s.)inşa, esse vә mәruzәnin yazılması ilə bağlı müəyyən bacarıqlara yiyələnmisiniz. Bu bacarıqlarınızı IX sinifdə daha da inkişaf etdirəcək, müqayisә xarakterli yazılarla əlaqədar yeni bacarıqlar qazanacaqsınız. Əlbəttə, əvvəlki siniflərdə müqayisə aparmağı tələb edən tapşırıqları yerinə yetirdiyinizi xatırlayırsınız.
Unutmamısınız ki, həmin tapşırıqlar ədəbi növ və janrların özünəməxsusluğunu aşkara çıxarmaqda, izah etməkdə yardımçınız olub. O da yadınızdadır ki, ədəbi qəhrəmanların xarakter və əməllərindəki
oxşarlığı, fərqi müəyyənləşdirməyi tələb edən sual və tapşııqların üzərində işləmiş, çıxardığınız nəticələri müqayisə cədvəlində, Venn diaqramında əks etdirmisiniz. Lakin bütün bunlar konkret tapşırıqlar üzrə olub. Bilməlisiniz ki, müqayisənin mahiyyəti, tətbiq edilməsi qaydaları barədə əhatəli bilik və bacarığa malik olmadan müqayisə tələb edən böyük həcmli
yazıları (inşa, esse...) uğurla yerinə yetirmək mümkün deyildir.
İlk növbədə, “tutuşdurma”, “qarşılaşdırma”, “müqayisə” anlayışlarının hər biri haqqında aydın təsəvvür qazanmalısınız. Bir çox hallarda onlar sinonim anlayışlar kimi işlənilir, bu isə dolaşıqlığa səbəb olur. Cisim və hadisələrin arasındakı oxşar cəhətlərin aşkara çıxarılması tutuşdurma, fərqli (zidd) cəhətlərin müəyyənləşdirilməsi isə qarşılaşdırma adlandırılır.
Oxşar və fərqli cəhətlərin eyni zamanda üzə çıxarılmasına isə müqayisә deyilir.
Bəs müqayisənin başlıca xüsusiyyətləri və tətbiq qaydaları hansılardır?
Bunların ən mühüm olanlarına diqqət edək. Müqayisəni o vaxt tətbiq etmək mümkündür ki, obyektlər (bədii əsərlər, obrazlar və s.) müqayisәyә gәlәn olsun. Bütün obyektləri bir-biri ilə müqayisə etməyin mümkün olduğunu düşünmək səhvdir. O obyektləri müqayisə etmək mümkün və faydalıdır ki, onların mahiyyәtindә, tәbiәtindә oxşarlıq olsun. Bu, müqayisənin ən mühüm xüsusiyyətlərindən biridir.
Müqayisənin başlıca xüsusiyyətlərindən biri də müqayisəyə cəlb edilən obyektlərin mühüm әlamәtlәrinin götürülməsidir. Bu, həmin obyektlər barədə dərin, hərtərəfli biliyin
qazanılmasına imkan verir.
Müqayisənin başqa bir xüsusiyyəti ondan istifadə edərkən eyni, vahid əsasın (əlamətin) gözlənilməsidir. Yəni obyektlər eyni, vahid əsaslar üzrə müqayisə edilməlidir. Buna əməl etmədikdə bir obyektin bir əlamətə, ikinci obyektin isə başqa əlamətə görə səciyyələndirilməsi
həyata keçirilmiş olur. Beləliklə, obyektlər ayrı-ayrılıqda təsvir edilir ki, bu da onların tutuşdurulduğunu, yaxud qarşılaşdırıldığını deməyə əsas vermir.
Obyektlərin arasındakı oxşar, yaxud fərqli əlamətlərin aşkara çıxarılması hələ müqayisənin tamamlanması demək deyildir. Oxşarlığın vә fәrqin sәbәbini açmaq,müqayisә olunanların arasındakı әlaqәlәriaydınlaşdırmaq, müqayisәdәn nәticә çıxarmaq, ümumilәşdirmә aparmaq hәyata keçirilmәli olan mühüm qaydalardır.
Müqayisə xarakterli mətni – inşa, esse və məruzəni necə yazmalı?
Müqayisə xarakterli mətnlərin (inşa, esse, məruzə) hazırlanması, ilk növbədə, yazı bacarığınızın inkişafına əhəmiyyətli təsir edir. Bu iş,həmçinin sizi müstəqil və yaradıcı düşünməyə, öz sözünüzü deməyə istiqamətləndirir.Belə yazıları yerinə yetirərkən nələrə diqqət etmək vacibdir?
1. İlk növbədə, mövzunun necə ifadə edildiynə nəzər salmaq lazımdır. Mövzunun müqayisə tələb edib-etmədiyini müəyyənləşdirmək çətin deyildir. Belə yazılar üçün müəyyənləşdirilmiş mövzularda, adətən, “müqayisə” sözü işlədilir. Məsələn, “Azad və Fərda obrazlarının müqayisəli təhlili”, “Koroğlu və Bolu bəy surətlərinin müqayisəli səciyyəsi” və s.Esse üçün maraqlı olan “Yurdumuzun baharı və qışı” mövzusunda “müqayisə” sözü olmasa
da, müqayisə aparmağın lazım gəldiyini başa düşmək çətin deyildir. Bu, esse üçün plan tərtib edilərkən nəzərə alınmalıdır. Yaxud “Sabirin satiraları”, “S.S.Axundovun yaradıcılığında hekayə janrı” mövzularında hazırlanan məruzələrdə müqayisəsiz keçinmək mümkün deyildir.
2. Sonra plan tərtib edilir. Planın giriş, əsas hissə, nəticədən ibarət olduğunu bilirsiniz.
3. Girişdә mövzu barədə ümumi məlumata, onun işlənməsinin əhəmiyyətinə diqqətin
cəlb edilməsi məqsədəuyğundur. Yaxud mövzu bədii əsərlə bağlı olarsa, girişdə əsər, onun müəllifi barədə yığcam məlumat vermək məqsədəuyğundur.
4. Yazının məzmunu әsas hissәni təşkil edir. Əsas hissədə əhatə olunacaq məsələləri bəndlər şəklində ifadə etmək faydalıdır. Bunu o vaxt uğurla yerinə yetirmək olur ki, müqayisənin
hansı əsaslar (əlamətlər) üzrə aparılacağı əvvəlcədən müəyyənləşdirilmiş olsun.
Məsələn, Azad və Fərda obrazlarını aşağıdakı əsaslar üzrə müqayisə etmək səmərəli olar:
– Talelərinə, yaşadıqları həyat tərzinə münasibətlərinə görə.
– Xalqa, vətənə münasibətlərinə görə.
– Milli azadlıq hərəkatına münasibətlərinə görə.
– Xarakterlərindəki başlıca cəhətlərə görə.
5. Yazının sonunda nәticәnin çıxarılması, ümumilәşdirmәnin aparılması vacibdir.
Essenin məzmunca inşadan fərqləndiyini bilirsiniz. Sizə məlumdur ki, ümumiyyətlə, esse şəxsi düşüncələrinizi, hislərinizi dilə gətirməyinizə, bəyan etməyinizə imkan yaradan yazı növüdür. Bu, seçdiyinz sözlərdə, ifadələrdə, qurduğunuz cümlələrdə də əksini tapmalıdır.
Sadə cümlələrdən, adlıq cümlələrdən daha çox istifadə etməyinz faydalıdır. Sizə məlum olan bədii təsvir və ifadə vasitələrindən gen-bol yararlanmalı, yazınızın obrazlı olmasına çalışmalısınız.
Bütün bunlar yazınıza yeni məzmun və forma verəcək. Beləliklə, yazınız fərqli üslub, yeni keyfiyyət qazanacaq. Essedə, inşadan fərqli olaraq, sitatlara, faktların, rəqəmlərin sadalanmasına yer vermək məqsədəuyğun sayılmır.
Essenin kompozisiyasında sərbəstliyin olması məqbul hesab edilir, başqa sözlə, onun quruluşuna, inşadan fərqli olaraq, dəqiq meyarlarla yanaşılmır. Məsələn, essedə birbaşa mətləbə keçmək, yazıya əsas məsələyə münasibətin bildirilməsi ilə başlamaq mümkündür.
Essedə (müqayisə xarakterli çıxılmaqla) bir fikirdən gözlənilmədən digərinə keçilməsi, başqalarına ziddiyyətli görünən nəticələrin çıxarılması (əlbəttə, bu, məntiqli olmalıdır) nöqsan hesab edilmir. Müqayisə xarakterli essedə müqayisənin xüsusiyyətlərini diqqət mərkəzində saxlamağınız vacib olsa da, hiss və düşüncələrinizin ifadəsində sərbəst olmalısınız.
Əgər esse ədəbi əsərlə əlaqədardırsa, onun mövzusu, ideyası, obrazları, müəllifin qaldırdığı problem barədə şəxsi mövqeyinizi ifadə etməyə səy göstərməlisiniz.
Müqayisə xarakterli məruzənin üzərində işləyərkən informasiya səciyyəli məruzə ilə bağlı qazandığınız bacarıqları tətbiq etməyi unutmayın. Burada başlıca fərq müqayisənin xüsusiyyətlərinin, tətbiqi qaydalarının diqqət mərkəzində saxlanılmasıdır. Ümumiyyətlə, məruzədə faktlara, rəqəmlərə, sitatlara tez-tez müraciət edilir. Bu isə yazınızın məzmununa və formasına təsirsiz qalmır. Deməli, yazı tərziniz, üslubunuz yeni bir çalar qazanır.
Müqayisə xarakterli mətnin (inşa, esse, məruzə) hansı səviyyədə yerinə yetirildiyini – özünüqiymətləndirməni aşağıdakı meyarlardan istifadə etməklə də müəyyənləşdirmək mümkündür:
– müqayisə obyektlərinin doğru seçilməsi;
– obyektlərin mühüm əlamətlərinin üzərində dayanılması;
– müqayisənin eyni (vahid) əsaslar üzrə aparılması;
– obyektlərin arasındakı əlaqənin açılması;
– obyektlərin arasındakı oxşarlığın, fərqin səbəbinin aydınlaşdırılması;
– müqayisədən nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması.

Комментариев нет:

Отправить комментарий