ƏDƏBİYYAT FƏNNİ KURİKULUMUNUN XARAKTERİK CƏHƏTLƏRİ

Ədəbiyyat Hədəf Kursları MMC.

Ədəbiyyat fənni kurikulumu ümumtəhsil məktəblərində ədəbiyyat təliminin  məqsəd və vəzifələrini, ayrı-ayrı təlim pillələri üzrə məzmun xətlərini və standartlarını, onların reallaşdırılması üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirən konseptual sənəddir.
Ədəbiyyat fənni kurikulumu hər bir şagirdin ümumi inkişafı, maraq və meyilləri nəzərə alınmaqla onun ədəbi təhsili, tərbiyəsi və inkişafı üçün optimal şərait yaradılmasını nəzərdə tutur. Bu məqsədlə sənəddə ümumi orta və tam orta təhsil pilləsində fənnin bir-biri ilə üzvi əlaqədə olan məzmun xətləri və standartları, şagird bacarıqlarının inkişaf istiqamətləri dəqiqləşdirilmişdir.
Bu sənəd təlim nəticələrini konkretləşdirməklə fəndaxili və fənlərarası inteqrasiyanı, fənnin tədrisinə verilən əsas tələbləri, təlimin təşkili formaları və üsulları barədə tövsiyələri özündə əks etdirir.
          Tədris prosesinin keyfiyyətinin dəyərləndirilməsi, şagird nailiyyətinin qiymətlən­diril­məsi ədəbiyyat fənni kurikulumunda diqqət mərkəzində saxlanılmışdır.
         Bu sənəd milli və ümumbəşəri dəyərlər, şagirdlərin fərdi xüsusiyyətləri nəzərə alınmaqla əlverişli təlim şəraitinin yaradılması, tələbyönümlülük, nəticəyönümlülük, şagirdyönümlülük, inteqrativlik kimi ümumi prinsiplərə istinad edilməklə hazırlanmışdır.
Məzmun standartları müəyyənləşdirilərkən şagirdlərin idraki, informativ-kommunikativ fəaliyyət göstərməsi, onlarda düşünmə, emosional və hərəki bacarıqların formalaşdırılması əsas götürülmüşdür.
Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri. Özünəməxsus inkişaf yolu keçmiş, yaşı min illərlə ölçülən Azərbaycan ədəbiyyatı dünya bədii mədəniyyət xəzinəsinə dəyərli sənət abidələri bəxş etmişdir. Humanist və demokratik ideyaları əks etdirən ədəbiyyatımızın ümumtəhsil məktəblərində tədrisi milli dövlətçilik maraqları baxımından böyük əhəmiyyət kəsb edir. Məktəb ədəbiyyat kursu həqiqi vətəndaşın və müasir dünyagörüşlü şəxsiyyətin yetişməsində mühüm rolu olan fənlərdəndir.
Qüdrətli tərbiyə vasitəsi olan bədii söz sənətimiz şagirdlərin mənəvi-estetik tərbiyəsi, xalqın ədəbi-mədəni irsini, tarixi keçmişini, mübarizəsini, adət-ənənələrini öyrənmək üçün mötəbər mənbə, etibarlı qaynaqdır. Müasir məktəbdə müstəqil düşünməyi, qazandıqları bilikləri tətbiq etməyi, qarşılaşdıqları problemləri həll etməyi bacaran, saf mənəviyyatlı, təşəbbüskar, yaradıcı, demokratik ruhlu, humanist gənclər tərbiyə edilməsi sosial tələb kimi meydana çıxır.
Orta məktəbi bitirən hər bir gənc bədii ədəbiyyatı, digər mənbələri oxumağı, təhlil etməyi, qiymətləndirməyi, öz biliklərini müstəqil şəkildə artırmağı bacarmalı, fasiləsiz təhsilə hazır olmalıdır. Məktəb ədəbiyyat kursunda yüksək ideya-bədii dəyərə malik əsərlərin öyrədilməsi əsasında şagirdlərdə mütaliə formalaşır, onların ədəbi təhsili, tərbiyəsi və inkişafı təmin olunur.
Ədəbiyyat həyatı ümumiləşdirilmiş şəkildə, obrazlar vasitəsilə əks etdirən söz sənəti kimi şagirdlərin müstəqil həyata hazırlanmasında, həyati əhəmiyyət kəsb edən bacarıqlara yiyələnməsində mühüm rol oynayır. Bədii ədəbiyyatın “insanşünaslıq”, “həyat dərsliyi” adlandırılması bu fənnin hər bir şagird – oxucu üçün özünü, həyatı, insanı dərk etmək vasitəsi kimi əhəmiyyətini ifadə edir.
Firidun bəy Köçərli  yazırdı: “Hər bir millətin şöhrət və əzəmətinə, tərəqqi və səadətinə bais olan səbəblərdən birisi də onun ədəbiyyatıdır. Ədəbiyyat xalqın aineyi-həqiqətnümasıdır ki, onun maddi və mənəvi tərəqqisini və istiqbalı üçün nicat və səadət yollarını eynilə göstərir. Ədəbiyyat ...millətin cisminə şəfa, ruhuna səfa, fikrinə cila, ağlına və təmami mənəvi və ruhani qüvvələrinə qol-qanad verib uca məqama qaldırır”.
Ədəbiyyatdan müxtəlif məşğələlərdə Azərbaycan ədəbiyyatının, eləcə də dünya xalqlarının ədəbiyyatından seçilmiş nümunələrin müzakirəsi şagirdlərin müasir dövrdə xüsusi aktuallıq kəsb edən mənəvi-estetik problemləri, həyatda, cəmiyyətdə baş verən dəyişiklikləri dərk edib qiymətləndirmələrinə, milli və ümumbəşəri mənəvi dəyərlərə yiyələnmələrinə imkan yaradır.
         Azərbaycan ədəbiyyatı əsrlərdir təlim-tərbiyə məktəbi funksiyasını yerinə yetirir. Gözünü dünyaya açan körpəni ananın oxşamaları, laylaları qarşılayır, dil açıb yeriməyə başlayanda sanamalar, düzgülər, tapmacalar, yanıltmaclar, uşaq nağılları onun nitqini, təfəkkürünü inkişaf etdirir, həyat üçün zəruri olan ilkin bacarıqlar formalaşdırır.        
Ədəbi əsərlərin öyrədilməsi zamanı şagirdlərin şifahi və yazılı nitqi tədricən cilalanır. Şagirdlər ana dilimizdə yazılmış əsərlərdə dilin gözəlliyini, dərin fikir və ifadə zənginliyini görüb-götürür. Təlim prosesində sənətkarın sözdən istifadə məharəti, nitqin bədiiliyi, ifadəliliyi, obrazlı sözün doğurduğu emosionallıq və fikir tutumu haqqında aydın təsəvvür yaradılır, bu əsasda şagirdlərin özünün nitqinin zənginləşməsi təmin edilir.
Ədəbiyyat dərslərində nitq inkişafı üzrə aparılan işlər məktəblilərdə bədii sözə həssas münasibətin yaradılmasına, sözün, fikrin məna incəliklərini duymaq, ifadə etmək bacarığının formalaşdırılmasına imkan yaradır.
          Ədəbiyyatın məktəbdə öyrədilməsi zamanı bədii zövqün formalaşdırılması diqqət mərkəzində saxlanılır, şagirdlərin həyatda, insanda olan gözəlliyi duymaq, qiymətləndirmək bacarığı inkişaf etdirilir.
Ümumtəhsil məktəblərində ədəbiyyat təliminin məqsədi bədii ədəbiyyat nümunələrini, tarixi-ədəbi prosesi öyrənmək, təhlil etmək, qiymətləndirmək bacarığını formalaşdırmaqla şagirdlərin dünyagörüşünü zənginləşdirmək, mənəvi-estetik inkişafını təmin etmək, nitq mədəniyyətinə yiyələnmələrinə nail olmaqdır. Bu məqsədlə aşağıdakı vəzifələrin həyata keçirilməsi təmin edilir.
  Ümumi orta təhsil səviyyəsində:
            İncəsənətin bir növü kimi söz sənətinin ­– şifahi və yazılı ədəbiyyatın xalqın mənəvi sərvəti olması, həyatı, taleyüklü məsələləri özünəməxsus bədii vasitələrlə əks etdirməsi barədə şagirdlərdə dolğun təsəvvür yaradılır.
           Milli və dünya ədəbiyyatından seçilmiş kamil sənət nümunələri vasitəsilə məktəblilərdə sözə, söz sənətinə həssas, bədii-emosional münasibət formalaşdırılır, təhlil, dəyərləndirmə, fikirlərini şifahi və yazılı çatdırmaq bacarığı inkişaf etdirilir.
Ədəbiyyat nəzəriyyəsi üzrə zəruri biliklərə və mütaliə mədəniyyətinə yiyələnən şagirdlərdə konfliktlərə, problemlərə, ədəbi nailiyyətlərə əsaslandırılmış münasibətin formalaşması təmin edilir.
         Tam orta təhsil səviyyəsində:
Şagirdlərin ümumi orta təhsil səviyyəsində qazandıqları  bacarıq və vərdişləri təkmilləşdirilməklə, tarixi-xronoloji ardıcıllıqla  Azərbaycan  ədəbiyyatının çoxəsrlik inkişaf yolu, ədəbi ənənə və əlaqələri, Azərbaycan  və dünya  ədəbiyyatının görkəmli  ədəbi simalarının yaradıcılığından nümunələr öyrədilir, ədəbiyyat nəzəriyyəsinə dair məlumatlar genişləndirilir, şagirdlərin  ədəbi-bədii, tənqidi təfəkkürünün formalaşması təmin olunur.
 Ümumtəhsil məktəblərində ədəbiyyatın təlim fənni kimi məzmununun əsasını Azərbaycan ədəbiyyatının kamil nümunələrinin, eləcə də dünya ədəbiyyatından seçmələrin oxusu və öyrənilməsi təşkil edir. Ədəbi əsərlərin qavranılması, təhlili  tarixi və ədəbi-nəzəri biliklərə, bacarıqlara əsaslanmaqla həyata keçirilir.

  

Комментариев нет:

Отправить комментарий