"TƏDQİQ EDİRƏM" ÜSULU

Yazı və araşdırma 



Картинки по запросу TƏDQİQ usulBu dərs şagirdlərə Tədqiq edirəm adlı araşdırma üsulundan istifadə edərək bilik yaratmaq fürsəti verir. Bu bölmənin davamında sosial fəaliyyətlərdə şagirdlərə istiqamət verməkdə kömək edən İctimai faydalı iş əsasında öyrənmə adlanan metod təsvir olunur. Tədqiq edirəm üsulu şagirdləri sinifdə və kitablarda onlara verilən informasiyaların hüdudlarından kənara çıxmağa, eləcə də məktəb və sinif şəraiti xaricində müsahibə, müşahidə və başqa tədqiqat formaları vasitəsilə yeni biliklər yaratmağa sövq edir. Bu çalışma bir neçə gün davam edir, bəzi bölmələrin dərs saatlarından kənar keçirilməsi lazım gəlir. Tədqiq edirəm çalışması araşdırma prosesinin bir sıra elementlərini özünə daxil edir və şagirdlərin aşağıdakıları həyata keçirməsinə imkan yaradır:
 • Öyrənilən dərsin məzmunu ilə onların şəxsi maraqlarını əks etdirən maraqlı suallar verə bilmək;
 • Tədqiqatın keçirilməsi üçün plan hazırlamaq;
 • Bu planı həyata keçirmək, məlumat toplamaq, qaydaya salmaq və nəticələri ümumiləşdirmək;
• Tədqiqatın predmeti və nəticələri haqqında bir hesabat hazırlayaraq öz tədqiqat nəticələrini yoldaşları ilə bölüşmək. Tədqiq edirəm üsulunu (Macrorie, 1988) bu kitabdakı digər dərslər kimi GBB (gözlənti yaratma, biliklər qurma, birləşdirmə) əsas sxemə uyğun olaraq təşkil etmək olar.
Bu üsuldan öyrənmə prosesinin dərsdə təqdim olunmuş materialın hüdudlarını aşması üçün istifadə olunur.
Məsələn, təsəvvür edin ki, 8-ci sinif şagirdləri sinifdə qanunverciliyə və icraedici hakimiyyətə həsr olunmuş fəsli yenicə öyrənib qurtarıblar. Bu mərhələdə aşağıdakına bənzər bir proses müşahidə oluna bilər. Bu dərsi necə oxumalı Aşağıdakı dərsi oxuyarkən bunun sadəcə bir model olduğunu və öyrətmə üsullarına bağlı nümunələr vermə məqsədi daşıdığını unutmayın. Dərsi iki fərqli aspektdən gözdən keçirin:
1. Özünüzü bu dərsdə iştirak edən şagirdin yerində təsəvvür edin. Nə hiss edirsiniz? Hansı düşünmə əməliyyatlarından istifadə edirsiniz? Nələr öyrənirsiniz?
 2. Sonra bu dərsi keçən müəllim olduğunuzu düşünün. Nələr hiss edirsiniz? Dərsin üç mərhələsinin – gözlənti yaratma, biliklər qurma və birləşdirmənin öhdəsindən necə gəlirsiniz?
 DƏRS Gözlənti yaratma Tədqiq edirəmin ilk mərhələsi Bilirik - istəyirik bilək - öyrəndik (BİBÖ) metodikası kimi başlayır. Müəllim şagirdlərin mövzu ilə bağlı mövcud biliklərini xatırlamalarına köməklik göstərir və onları özləri üçün maraqlı olan bənzər mövzulara dair yeni suallar ortaya çıxarmağa vadar edir. Bu nümunədə müəllim şagirdlərə yerli idarəetmə orqanlarının qərar qəbul etmə prosesini izah edir və qarşılarına araşdıra biləcəkləri bir situasiya qoyur. Müəllim şagirdlərə yerli bir Qeyri-hökumət təşkilatının (QHT) şəhərdə uşaq parkı inşa etmək üçün vəsait ayırdığını, lakin parkın harada inşa ediləcəyinə və necə olacağına hələ qərar verilməmiş olduğunu və bu qərarın yerli idarəetmə orqanı tərəfi ndən veriləcəyini söyləyir. Tədqiq edirəm metodikasına başlamaq üçün uşaqlar verəcəkləri sualları müəyyənləşdirirlər.
 Müəllim: Keçən həftə öyrəndiyimiz dərsdə yerli hökumət və idarəetmə təşkilatlarının yaşadığımız ərazidə necə qərar qəbul etdiyini nəzərdən keçirmişdik. Bildiyiniz kimi, yerli bir QHT şəhərimizdə bir uşaq parkı inşa etmək təklifi irəli sürüb. Yerli idarəetmə orqanı isə parkın harada və hansı planda inşa ediləcəyinə hələ qərar verməyib. Bu qərarı verə bilmək üçün məlumat toplayırlar. Özünüzü bu qərarı qəbul edəcək heyətin üzvü kimi təsəvvür edin. Qərar qəbul etmək üçün sizə hansı məlumatlar lazım olardı? Gəlin beyin həmləsi metodu ilə verə biləcəyiniz sualların siyahısını hazırlayaq. Siz sualları səsləndirdikcə mən lövhəyə yazacağam.
 I şagird: Mən bu parkı harada inşa edə biləcəyimizi bilmək istərdim. Bazarın, yoxsa çayın yanında olması daha yaxşıdır?
II şagird: Məncə, əsas məsələ parkın içərisində yeməli və içməli bir şey ala bilmək üçün köşklərin olub-olmayacağıdır.
III şagird: Məncə, parkda nəsə satılıb-satılmayacağını bilmək vacib deyil.
 Müəllim: Unutmayın, beyin həmləsi prosesində yalnız öz ideyalarımızı söyləyirik, müzakirəni isə daha sonra edəcəyik.
IV şagird: Parkda nələr olacaq? Karusellər və futbol meydançaları olacaqmı? Məncə, bunları bilmək vacibdir.
Müəllim: Bəzi maraqlı suallar meydana çıxdı. Indi isə yanınızda əyləşən yoldaşınızla danışaraq park haqqında qərar qəbul edəcək heyətin üzvü olsaydınız, soruşmaq istədiyiniz başqa nələrin ola biləcəyini düşünməyinizi istəyirəm. Unutmayın, yalnız qısa bir cavabı deyil, cavabla birlikdə arqumentləri də tapmağımıza imkan yaradacaq yaxşı düşünülmüş suallar axtarırıq. İndi sualları 3-4 dəqiqə müzakirə edin, sonra hər cütlük verəcəyi bir sual seçsin.
Müəllim müzakirələri dinləyərək sıraların arası ilə gəzir və lazım bidiyi məqamlarda şagirdləri yönləndirir. Müəllim: İndi hər cütlük hazırladıqları sualı kimin oxuyacağına qərar versin. Soruşmaq istədiyiniz sual daha əvvəl səsləndirilmiş olarsa, təkrarlamağınıza ehtiyac yoxdur. Hər bir cütlük öz sualını oxuyur və müəllim bu sualları lövhəyə yazır.
 Müəllim: İndi isə zəhmət olmasa, öz suallarınızı digər cütlərin sualları ilə müqayisə edin. Birləşdirilməsi lazım gələn oxşar suallar varmı? Şagirdlər bir müddət müzakırə edirlər və nəticədə aşağıdakı suallar üzərində dayanırlar:
 1. Parkın məqsədi nə olmalıdır?
 2. Park kimlər üçün nəzərdə tutulub? Fərqli istifadəçi qruplar bu parkda nələr etmək istəyəcək?
3. Parkda hansı məşğuliyyətlər təşviq edilməlidir? Hansı fəaliyyətlər qadağan olunmalıdır?
4. Parkın içi necə olmalıdır? Orada hansı sahələr yer almalıdır?
5. Parkda təhlükəsizlik necə təmin olunacaq?
6. Parkın təmizlik və səhmanına, eləcə də işçilərə necə nəzarət olunacaq?
7. Park harada yerləşməlidir?
8. Parka nəzarət etmək üçün nə qədər vəsait və əmək sərf olunacaq? Bu vəsait haradan əldə ediləcək? Hər cütlük özünə bir sual seçir.
 Müəllim: Bir azdan bu sualları necə cavablaya biləcəyimizi düşünəcəyik. Hər bir qrup bu suallara cavab tapmaq üçün kimlərə müraciət edə biləcəyini bir neçə dəqiqə düşünsün. Şagirdlər suallarına cavab tapmaq üçün kimlərə və necə müraciət edə biləcəklərini müzakirə etməyə başlayırlar.
Müəllim şagirdlərin arasında gəzərək onları həvəsləndirir və mümkün mənbələri tapmalarına kömək edəcək suallar verir.
  I şagird (Müəllimdən kömək istəmək üçün əlini qaldırır): Yəni, əgər parkı harada inşa etmək lazım olduğunu bilmək istəyiriksə, heyət üzvlərindən birindən soruşmalıyıq. Elə deyilmi? Müəllim (Gələcək parkın inşa olacağı “yer” haqqında sual üzərində işləyən cütlüyün yanına gedir): Son qərarı onlar verəcəyi üçün böyük ehtimal ki, onlardan soruşmağımız lazım gələcək. Bəs parkın harada inşa edilməsi başqa kimləri maraqlandıra bilər?
  II şagird (“Yer” sualı üzərində işləyən cütlükdən): Meydandakı mağaza sahibləri iş yerlərinin yanında futbol oynanılmasını istəmirlər. Yəqin ki, onlar parkın mərkəzdən uzaqda olmasını istəyərlər. III şagird (“Yer” sualı üzərində işləyən cütlükdən): Məncə, ailələrimiz parkın əksəriyyətin yaşadığı yerə yaxın olmasını istəyəcəkdir.
Müəllim: Hər ikinizin sual və ideyaları maraqlıdır. İndi isə fərqli insanlara verə biləcəyiniz suallar üzərində düşünməyə çalışın. Xatırlayırsınızsa, fərqli sual formalarını müzakirə edərkən informasiya əldə etməyə ən yaxşı kömək edən sualların bir hadisənin niyə və necə baş verdiyini və ya bir insanın niyə və necə müəyyən bir formada düşündüyünü anlamağı hədəfləyən suallar olduğunu görmüşdük. Siz də suallarınızı qurarkən bunu unutmayın.  “Yer” sualı üzərində işləyən cütlük işləməyə davam edir.
 Müəllim qrupların arasında gəzərək şagirdlərin fi kirlərini toplamalarına və suallar qurmalarına kömək edir.
 Müəllim: Suallar hazır olduğunda əlinizi qaldırın. Mən lazımlı düzəlişləri etməyinizə kömək edim. Şagirdlər (“Yer” sualı üzərində işləyən cütlük əlini qaldırır): Biz bir neçə sual fikirləşib tapmışdıq:
1. Heyət parkın harada inşa edilə biləcəyinə nəyə əsasən qərar verəcək?
2. Bizim, yəni uşaqların da fikirləri soruşulacaqmı?
3. Bəs yaşlılar? Sizcə, onlar parkın harada yerləşməsini istəyirlər? Əminəm ki, mağaza sahibləri parkın başqa bir ərazidə inşa edilməsini arzulayacaqdır. Müəllim: Müxtəli şəxslərin fi kirlərini öyrənmək istədiyinizi söyləmişdiniz. Mağaza sahiblərinin parkın yaxınlıqda olmasını istəmədiklərini hardan bilirsiniz?
I şagird: Təbii ki, onlardan da soruşmaq olar, amma futbol oynayarkən bizi danladıqları üçün mən onların bizi yaxınlıqda istəməyəcəklərini düşündüm. Yaxşı, biz onlardan da soruşarıq.
Müəllim: Unutmayın ki, “nə” və “harada” suallarına asanlıqla cavab tapa bilərsiniz, lakin insanların bu cavabları verməsinin səbəblərini də bilmək lazımdır. Suallarınızı elə qurmağa çalışın ki, cavab alacağınız insanların niyə məhz bu cür düşündüyünü anlaya biləsiniz. Hər sual üçün müraciət edəcəyiniz insanları da müəyyənləşdirməyi unutmayın.
 Müəllim sinifdə gəzişərək, şagirdlərin Tədqiq edirəm layihəsi üçün suallarını son vəziyyətə gətirmələrinə kömək edir.
Müəllim (Bütün sinfə müraciət edərək): İndi isə hər qrup öz suallarını tamamlasın və bir kağıza yazaraq hamının görə bilməsi üçün divara assın. Əsas sualınızı digər suallardan yuxarıda, kağızın ən üst hissəsinə yazmağı unutmayın. Şagirdlər (“Yer” sualı üzərində işləyən cütlük öz suallarının son variantını bir kağıza yazır): Bizim əsas sualımız: Parkı harada inşa etməliyik?
 1. Heyət parkın harada inşa edilə biləcəyinə nəyə əsasən qərar verəcək?
2. Valideynlər parkın harada inşa edilməli olduğunu düşünürlər? Niyə belə düşünürlər?
3. Gənclər parkın harada inşa edilməli olduğunu düşünürlər? Niyə belə düşünürlər?
4. Mağaza sahibləri parkın harada inşa edilməli olduğunu düşünürlər? Niyə belə düşünürlər? İndi Tədqiq edirəm layihəsinin ikinci mərhələsi olan planlaşdırma mərhələsinə keçirik.
 Müəllim: Fərqli mövzularda bir sıra yaxşı suallar əldə etdik. İndi ev tapşırığı olaraq bütün bu suallara necə cavab verə biləcəyinizi düşünmənizi istəyirəm. Sabahkı ictimaiyyət dərsində suallarınızı necə və harada cavablandıracağınıza dair tədqiqat planı hazırlayacağıq.
 Məlumat toplama mərhələsini planlaşdırarkən aşağıdakı suallar haqqında düşünməyinizi istəyirəm. Müəllim aşağıdakı sualları lövhəyə və ya böyük bir kağıza yazır:
 1. Suallarımıza cavab ala bilmək üçün kimlərə müraciət edəcəyimizi necə müəyyən etməli?
2. Onlarla necə əlaqə saxlamalı və görüşmək üçün necə vaxt almalı?
3. Onların cavablarının dəqiq surətdə qeydə alınmasını necə təmin etməli?
4. Müsahibəni hörmətlə və nəzakətli şəkildə həyata keçirmək üçün nələrə diqqət etməli? Növbəti gün ictimaiyyət dərsində müəllim yenidən Tədqiq edirəm metodikasına müraciət edir.
Müəllim: İndi Tədqiq edirəm layihəsindəki tərəf-müqabilinizlə yenidən birləşməyinizi və ev tapşırığı olaraq cavablandırmalı olduğunuz suallara tapdığınız cavabları bir neçə dəqiqə müzakirə etməyinizi istəyirəm. Sizin vəzifəniz – hər sual üçün irəli sürdüyünüz fi kirlərin siyahısını tutmaqdır. Qurtaranda əlinizi qaldırın, fi kirlərinizi birlikdə müzakirə edək. Şagirdlər: (“Yer” sualı üzərində işləyən cütlük əlini qaldırır): Valideynlər, uşaqlar və mağaza sahibləri ilə bağlı sualları cavablaya bilərik. İkimiz də bir-birimizin ailəsini tanıyırıq, evlərinə gedərək onlarla söhbət edə bilərik. Məktəbdə yoldaşlarımızdan da müsahibə götürə bilərik. Hətta mağaza sahibləriylə görüşmək də çətin olmaz, çünki, əmimin mərkəzdə kiçik ərzaq mağazası var. Mən oraya tez-tez gedirəm və onun mağaza sahibi olan dostlarının çoxunu tanıyıram.
Müəllim: O zaman ilk sualınıza valideynlər, uşaqlar və mağaza sahibləri üçün cavabları tapmısınız. Bəs qərarı verəcək heyət?
  II şagird: Bilmirik. Bu günədək belə vəzifəli şəxslərlə danışmamışıq. Həm də niyə bizimlə danışmaq istəsinlər. Biz adi şagirdlərik.
 Müəllim: Qərar verəcək heyət üzvləri də eyni zamanda valideyn və ya mağaza sahibi ola bilərlər. Insan şəhər şurasına seçildiyi zaman digər bütün vəzifə və məşğuliyyətlərindən imtina etmiş olmur. Beləliklə, müsahibə götürə biləcəyimiz bir heyət üzvünü necə tapa biləcəyimizi düşünək. Bunu necə təşkil etmək olat? 
I şagird: Mən atamdan soruşa bilərəm. Bəlkə tanıdığı kimsə var.
  II şagird (müəllimə): Sizin tanıdığınız kimsə varmı?
Müəllim: Bəli, bizim məktəbin direktorunun qardaşı şəhər şurasının üzvüdür.
I şagird: Bizi tanış etməsi üçün direktora müraciət edə bilərikmi?
 Müəllim: Yaxşı fikirdir. Lakin əvvəlcə tədqiqat planını tamamlamaq lazımdır. Baxaq görək hansı suallara cavab verdiniz?
  II şagird: Biz kimlərlə görüşəcəyimizə qərar verdik.
I şagird: Əgər direktor bizi qardaşı ilə tanış edəcəksə, ikinci sualı da cavablamış oluruq. Müəllim: Mən də belə düşünürəm. İndi üçüncü suala baxaq. Insanların sizə verəcəyi cavabları necə qeydə alacaqsınız? Bir az da bu haqda düşünün. Müəllim şagirdlərin arasında gəzişərkən onların cavabları necə qeydə alacaqlarına qərar verməkdə çətinlik çəkdiklərinin fərqinə varır və bu mövzu ilə bağlı bir mini dərs keçməyə qərar verir.
Müəllim: Uşaqlar, əksəriyyətinizin cavabları necə qeydə almaq lazım olduğuna dair qərar qəbul etməkdə çətinlik çəkdiyinizi görürəm. Doğrudan da bu çox çətin bir işdir. Həm müsahibə aldığınız şəxslə aranızdakı dialoqu saxlamalı, həm sualları lazım olan informasiyanı alacaq şəkildə qurmalı, həm də verilən cavabları dəqiq surətdə qeydə almalısınız. Bu çətindir. Lakin, sizin bir üstünlüyünüz var ki, ikilikdə işləyirsiniz. Biriniz sualları verərkən, digəriniz cavabları qeydə ala bilər. Növbəti görüşmədə vəzifələri dəyişdirərsiniz. Beləliklə, hər ikiniz həm sual vermə, həm də cavabları qeyd etmə təcrübəsi əldə edərsiniz. Yaxşı, alacağınız cavablardan başqa daha nə kimi məlumatlara ehtiyacınız olacaq?
I şagird: Söhbət qurtardıqdan sonra kiminlə söhbət etdiyimizi bilməyimiz lazımdır. Müəllim (şagirdlərin verdiyi cavabları lövhəyə yazır): Yaxşı, daha nə?
II şagird: Söhbəti kimin aparıb, kimin qeyd etdiyini bilmək lazım ola bilər.
Müəllim: Səncə, bu niyə lazımdır?
II şagird: Əgər müsahibəni növbə ilə aparacağıqsa, kimin nə etdiyini izləmək vacibdir.
Müəllim: Haqlısan. Deməli, müsahibə alan şəxsin və onun müsahibə aldığışəxsin adını bilməliyik. Görüşmə sırasında daha nələri qeydə almanız gərəkdir?
 IV şagird: Məncə, müsahibənin aparıldığı tarixi də yazmalıyıq.
 Müəllim: Bəli, tarixi yazmaq da yaxşı fi kirdir. Bu cür tədqiqat üsulundan istifadə edən şəxslər müsahibənin nə vaxt həyata keçirildiyini bilməyin zəruri olduğunu söyləyirlər. Başqa? Şagirdlər səssiz dayanır. Bir-birlərinə və müəllimə baxırlar. İdeyaları tükənmiş kimi görünür.
Müəllim: Yaxşı, hesab edirəm ki, detallar üzərində düşünürsünüz. Birinə sual verdiyiniz zaman ən vacib məqam nədir?
V şagird: Cavab!
 Müəllim: Bəli, məhz bunun üçün müsahibə aparırsınız. Yaxşı, bunu necə həyata keçirəcəyik? Geniş tədqiqat layihələrində yetərli vasitə olduğundan səs və ya görüntü qeydə alan cihazlardan istifadə etmək mümkün olur. Ancaq bizim bunlar üçün mənbəmiz yoxdur. Elə isə müsahibə alacağınız şəxsin cavablarını necə qeydə alacaqsınız?
III şagird: Siz dediniz axı, birimiz sualları verər, o birimiz qeyd edər. Belə etməli deyilik? Yəni, kağızda qeydlər edərək.
Müəllim: Doğrudur. Bu şəkildə olacaq. Bəs bir az əvvəl bəhs etdiyimiz şeyləri necə xatırlayacaqsınız? Müsahibə verən və götürən şəxslərin adı, tarix və zaman? VI şagird: Qeydlər aparacağımız kağıza yazaraq. Müəllim: Düzdür, amma bu məlumatları yazmağı unutmamaq üçün nə etmək olar?
  VI şagird: Sadəcə olaraq yadımızda saxlayacağıq. Müəllim: Valideynləriniz mağazaya gedərkən almaları lazım gələn şeyləri unutmamaq üçün nə edirlər?
  VII şagird: Siyahı!
 Müəllim: Bəli, bunu niyə edirlər?
  VII şagird: Unutmamaq üçün.
 Müəllim: Bəli, eyni ilə bu şəkildə biz də xatırlamalı olduğumuz şeylərin siyahısını hazırlaya bilərik. Bu cür işlərlə məşğul olan insanlar bəzən qeyd etmələri lazım gələn hər cür informasiyanı yaza biləcəkləri şəkildə tərtib olunmuş blanklardan istifadə edirlər. Biz də lövhədə belə bir blank yaradaq. Müəllim lövhəyə belə bir blank çəkir:


Müsahibə verən şəxsin adı ___________________________________
Müsahibə alan şəxsin adı___________________________________________
Müsahibənin tarixi və saatı Sual: (Buraya sualınızı________________________ yazın)_______________________________________________
Müsahibə ilə bağlı duyğu və düşüncələrim____________________________________

Müəllim: Blankda indiyədək müzakirə etmədiyimiz nə görürsünüz?
  VII şagird: Duyğu və düşüncələrimizlə bağlı bir əlavə etdiniz.
Müəllim: Doğrudur. Bəzən tədqiqatçılar müsahibənin necə keçmiş olduğu ilə bağlı hisslərini də yazmaq istəyirlər. Bu, həm gələn dəfə nələri dəyişmək istəyəcəklərini, həm də yaxşı keçən bir müsahibədən sonra nələri eyni şəkildə etmək istəyəcəklərini görmələrinə kömək edir.
Tədqiq edirəm layihəsinin ən vacib məqamlarından biri də budur. Odur ki, müsahibə qurtardıqdan sonra bir az vaxt ayırıb bu bölməni də doldurun. Ya da yoldaşınızla müsahibəni müzakirə edib, ümumi nəticələrinizi yaza bilərsiniz. Və ya hər ikisini də edə bilərsiniz. İndiyə qədər etdiklərimizə nəzər salsaq, artıq müsahibə zamanı istifadə edə biləcəyimiz bir blankımız var. Bu, iş zamanı əldə edilən informasiyaları qeyd etmək və səhmana salmaq üçün yaxşı üsuldur. Bu cür qeydə almanın bir faydası da müsahibə alanın yazılan qeydləri oxuyub əlavələr edə bilməsidir. Beləliklə, qeydləri aparan şəxs mühüm bir məlumatı diqqətdən qaçırıbsa, müsahibə alan şəxs daha sonra bunu əlavə edə bilər. Ancaq bu zaman kimin hansı hissələri daha sonradan əlavə etmiş olduğunu qeyd etməyi unutmayın. Və nəhayət, siyahımızdakı son sual nədir?
VIII şagird: Müsahibə aldığımız şəxsə qarşı mədəni və nəzakətli olmağımızla bağlı sual. Müəllim: Bəli. Bəs bu niyə vacibdir?
VI şagird: Hesab edirəm ki, yaxşı bir sinif olduğumuzu düşünmələri üçün vacibdir.
XI şagird: Bəli, amma atam söyləyir ki, hamıya qarşı nəzakətli olmaq lazımdır. Müəllim: Bunların hər ikisi yaxşı cavabdır. Bir sinif layihəsi üzərində işləyərkən həm sinfi mizi, həm də məktəbimizi təmsil etdiyimizi unutmamalıyıq. Odur ki, yaxşı təmsilçi olmaq üçün əlimizdən gələni etməliyik. Amma eyni zamanda hər kəsə qarşı nəzakət göstərmək lazım olduğu da doğrudur. Yəni, hər iki səbəbdən də nəzakətli və mədəni olmağımız vacibdir. Yaxşı, sizcə, hansı formada rəftar etsək, nəzakətli və mədəni davranmış olarıq?
III şagird: Bizə kömək etdikləri üçün təşəkkür etməliyik.
VII şagird: Məncə, yaşlı insanlarla danışarkən onlara necə müraciət etdiyimiz də əhəmiyyətlidir.
V şagird: Nə işlə məşğul olduğumuzu da bildirməliyik, ancaq sual vermək düzgün olmaz.
Müəllim: Bunların hamısı nəzakətli və mədəni olmaq üçün yaxşı nümunələrdir. Onlardan biri müsahibə aldığımız şəxslərə yalnız sual verməmək, həm də nə etməyə çalışdığımızı izah etməkdir. Yeri gəlmişkən, bunu necə etmək olar? Sizcə, nə işlə məşğul olduğumuzu qarşı tərəfə necə izah edə bilərik?
  III şagird: QHT-nin şəhərimizdə inşa etmək istədiyi parkla bağlı sinif layihəsi hazırladığımızı söyləyə bilərik. 95 Müəllim: Bəli, bunu söyləməyiniz yaxşı olar. Bundan başqa mən hamınız üçün məktəbimizin xüsusi blankında tövsiyə məktubu yaza bilərəm və siz bu məktubu görüşünə getdiyiniz şəxslərə göstərə bilərsiniz. Beləliklə, rəsmi bir vəzifə icra etdiyinizi anlayarlar. Bir qisminiz məktəbdən kənarda müsahibə aparacaqları üçün ailələrinizə də layihəmizdən bəhs edən məktub yazacağam. Beləliklə, onlar da nə işlə məşğul olduğunuzu biləcəklər. Artıq kimlərdən müsahibə alacağımızı, bu şəxslərlə necə əlaqə quracağımızı, verdikləri cavabları necə qeyd edəcəyimizi və bu şəxslərlə nəzakətli davranmaq qaydalarını bilirik. Sizcə, bundan sonra hansı addımı atmalıyıq?
IV şagird: Artıq müsahibə almağa hazır deyilik?
VII şagird: Məncə, bəli. Mən hazıram! Müəllim: Düşünürəm ki, artıq buna çox yaxınıq. Sabah ictimaiyyət dərsində bir-birimizlə müsahibə apararaq təcrübə keçirəcəyik. Beləliklə, suallarımızı yoxlamaq və informasiyaları qeydə almağı təcrübədən keçirmək imkanı əldə edəcəyik. İndi ailələrinizə yazdığım məktubları paylayacağam ki, onlar nə edəcəyimizi bilsinlər. Əgər onlar razılıq verərlərsə, sabah məktubu onların imzası ilə geri gətirin. Əgər onları maraqlandıran suallar olarsa, zəhmət olmazsa, mənə bildirsinlər. Növbəti gün ictimaiyyət dərsində müəllim bir gün əvvəl işlənib hazırlanmış blankları paylayır.
 Müəllim: Bu gün müsahibə aparmaq qabiliyyətimizi yoxlayacağıq. Hər bir cütlük qonşuluğundakı cütlüklə birləşsin. İndi isə kimin müsahibə götürəcəyinə, kimin isə qeydlər aparacağına qərar verin. Və hər cütlük növbə ilə bir-birinə siyahımızdakı sualları verməyə başlasın. Şagirdlər müsahibə apararkən müəllim ortada gəzişərək onları müşahidə edir.
Müəllim: Qurtardığınızı zənn edirəm. İndi müsahibənizin necə keçdiyini müzakirə edək. İlk olaraq qeydlər aparan şəxslərlə danışaq. Hansı təəssüratları yaşadınız? Nə cavablar aldınız? Hansı problemləriniz oldu?
  III şagird: Yoldaşımın danışdığını sürətlə yaza bilmədim və sözləri düzgün yazdığımdan əmin deyiləm. Müəllim: Bu cür problemlə üzləşən başqa kimsə varmı? Şagirdlər (bir neçə şagird eyni anda): Bəli, çox sürətli idi. Bütün sözləri yaza bilmədim.
 Müəllim: Aydındır. Nəyisə qaçırdığınızı hiss etdiyiniz zaman sadəcə olaraq: “Bağışlayın, mən nə dediyinizi eşitmədim və mənə elə gəlir ki, əhəmiyyətli bir söz dediniz”, ya da qısaca “Təkrar edə bilərsiniz?” deyin. Bu informasiya əldə etmək və müsahibə aldığınız şəxsin söylədiklərinə həqiqətən maraq göstərdiyinizi hiss etdirmək üçün çox yaxşı üsuldur. Bu çalışmada orfoqrafik səhvlər üzərində çox dayanmayın. Unutmayın ki, əsas məqsəd sözləri düzgün yazmaq deyil, doğru informasiya əldə etməkdir. Necə hesab edirsiniz, artıq sinifdən xaricdə müsahibə aparmağa hazırsınız? Şagirdlər hazır olduqlarını söyləyirlər.
 Müəllim: Yaxşı, tövsiyə məktubalrınızı götürün. Parkın yeri üzərində işləyən qrup, bu gün dərsdən sonra meydançadakı kafedə şəhər şurasının üzvləri ilə görüşünüz olduğunu unutmayın. Planlaşdırılmış bütün müsahibələri tamamlamaq üçün sizə bir neçə gün vaxt lazım olacaq. Odur ki, əgər bir sualınız və ya probleminiz olarsa, kömək üçün müraciət edin. Əgər olmazsa, dərslərimizə normal qaydada davam edəcəyik. Cümə günü bu müsahibələrdən istifadə edərək işi necə yekunlaşdıracağımızı – hesabatların necə hazırlanacağını müzakirə edəcəyik.

Комментариев нет:

Отправить комментарий