BİOLOGİYA TƏLİMİNİN TƏŞKİLİNƏ VERİLƏN ƏSAS TƏLƏBLƏR



Biology on linecomponents - 33.





İnkişafın əsasında insan amilinin durduğunu nəzərə alaraq təlimin təşkilinə xüsusi əhəmiyyət verilir. Bu məqsədlə ənənəvi təhsil sisteminin təkmilləşdirilməsi və yeniləşdirilməsi istiqamətində layihələr həyata keçirilməkdədir. Bu baxımdan təhsilimiz elə qurulmalıdır ki, hər bir Azərbaycan vətəndaşı dəyişən dünyada öz bilik, bacarıq və qabiliyyətlərini tətbiq etməyə  hazır olsun.
Ümumtəhsil məktəblərində biologiyanın tədrisi prosesinin təşkili aşağıdakı prinsiplər əsasında həyata keçirilir.
1.  Pedaqoji prosesin tamlığı. Bu prinsipə əsasən şagirdin bir şəxsiyyət kimi formalaşması nəzərdə tutulur.
Təhsil öyrədici, inkişafetdirici və tərbiyəedici bir prosesdir.
Biologiya fənninin tədrisi prosesində şagird canlılar aləmində baş verən hadisə və prosesləri, canlıların ətraf mühitlə əlaqəsini, insanın özünəməxsus həyati xüsusiyyətləri barədə bilik və bacarıqlara yiyələnir. Biologiya kurikulumunda canlılara xas quruluş formalarının, onların  həyati xüsusiyyətlərinin müqayisəli təqdim edilməsi müxtəlif aləmlərə aid canlı nümunələrin sadədən mürəkkəbə doğru müqayisəli təqdim edilməsi şagirdlərdə analitik düşüncə tərzinin formalaşması ilə yanaşı, canlılar barədə yığcam və lakonik məlumat almaq imkanı yaradır.
Biologiyanin tədrisi vasitəsilə şagirdlərdə estetik, ekoloji tərbiyə formalaşır. Şagird öz sağlamlığının, ətraf mühitin, vətəndaşı olduğu doğma yurdunun qorunması ruhunda tərbiyə alır, təhsil prosesində dünyanın bütöv bir vahid kimi qavranılmasına və  dərk edilməsinə hazırlanır.
2.  Təlimdə bərabər imkanların yaradılması. Bu prinsipə əsasən biologiya fənninin  təlimi elə qurulur ki, şagirdin sosial vəziyyətindən, fərdi psixi xüsusiyyətlərindən əqli keyfiyyətlərindən asılı olmayaraq münasib təlim şəraiti yaradılsın. Bu zaman şagird-müəllim münasibətləri «subyekt-subyekt» formulu üzrə həyata keçirilir.
3.  Şagirdyönümlülük. Şəxsiyyətin inkişafı təlim prosesinin əsasını təşkil edir. İnkişafetdirici təlim şəxsiyyətin formalaşdırılmasını nəzərdə tutmaqla onu təlimin başlıca problemi kimi mənalandırır.
           Biologiya dərslərində müəllimin şagirdlərlə ünsiyyəti bir-birilə əlaqədar olan  və bir-birini şərtləndirən, müxtəlif şəraitlərdə yerinə yetirilən birgə fəaliyyətlərdə meydana çıxır. Bundan əlavə, şagirdlərin hər biri cinsi, etnik, dini, irqi mənsubiyyəti, fərdi intellektual inkişafı, qavrayış, tədqiqatçılıq və s. qabiliyyəti olan bir şəxsiyyətdir.
4. İnkişafyönümlülük. Biologiyanın tədrisində şagirdə nəyi, nə üçün öyrəndiyi aydın olmalı, əldə etdiyi bilik və bacarıqların əhəmiyyətini dərk edəcək canlılar aləmində və öz orqanizmində baş verən proseslərə maraq yaradılmalıdır.
Tədris prosesi elə qurulmalıdır ki, şagird əldə etdiyi bilik və bacarıqları genişləndirməyə hazırlansın, öz bilik və bacarıqlarını inkişaf etdirməyə meyl etsin. Müəllim şagirdin nailiyyətlərini təhlil etməklə onların bilik, bacarıq və vərdişlərinin inkişaf etdirilməsi üçün zəmin yaradır. Şagird əldə etdiyi bilik və bacarıqlarını təhlil etməklə özünə tənqidi yanaşır, öz imkanlarını düzgün qiymətləndirir, biologiyadan əldə etdiyi bilik və bacarıqlardan real həyatda istifadə etməyə hazırlanır.
 5.Fəaliyyətin stmullaşdırılması. Şagirdin fərdi imkanları, təlimə marağı əldə etdiyi uğurlu nəticələrin dəyə­r­ləndirilməsi onun fəaliyyətini stimullaşdırır, o, əldə etdiyi bilik və bacarıqlardan sonrakı fəaliyyəti prosesində daha səmərəli istifadə etməklə uğurlara nail olur. Müəllim şagirdin təlim fəaliyyətini düzgün qiymətləndirdikdə şagird öz imkanlarını anlayır, qüvvətli və zəif tərəflərini müəyyənləşdirir.
Şagirdin biologiyanın tədrisi prosesində praktik vərdişlərə yiyələnməsi, müşahidə və tədqiqatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, ədəbiyyatlardan, digər bilik mənbələrindən bacarıqla istifadə etməsi onun müstəqil, davamlı fəaliyyətini stimullaşdırır.
6.Varislik. Bu prinsipə əsasən canlıların sadədən mürəkkəbə, ibtidaidən aliyə doğru inkişafı nəzərdə tutulur.
7.Yaşauyğunluq. Biologiya fənninin tədrisində nəzərdə tutulan tapşırıqlar şagirdlərin yaş səviyyəsi və maraqları nəzərə alınmaqla verilir. Belə ki, fənnin tədrisi zamanı materialın çətinlik dərəcəsi mütləq nəzərə alınmalıdır. Çətinlik uşaqların əqli fəaliyyətinin ən müxtəlif cəhətlərindən asılıdır.
8.Əyanilik. Biologiya dərslərində müxtəlif əyani vasitələrdən,  təbii bitkilər və herbarilər, canlı guşədə olan heyvanlar, müxtəlif mulyajlar və tablolar, mikroskopdan istifadə etmək olar.Eyni zamanda biologiya dərslərində kompüterdən istifadə dərsi maraqlı və əyani edir, şagirdləri fəal idraki fəaliyyətə cəlb edir. Dərs prosesində İkt vasitələrindən istifadənin üstünlüyü ondadır ki, onların köməyi vasitəsilə təlim prosesində fərdi və differensial yanaşma ideyalarını reallaşdırmaq şagirdləri müasir şərait və müstəqil fəaliyyətə, onların fəallığının artmasına səbəb olur.

9.Tədqiqatyönümlülük. Biologiya fənninin tədrisi şagirdin tədqiqatçılıq bacarıqlarını inkişaf etdirir. Əldə etdiyi məlumatları ümumiləşdirmək, eksperimentlər aparmaq, təbii mühitdə canlılar aləmi üzərində müşahidə aparmaqla bitkilərin yetişdirilməsi, heyvanların bəslənməsi, insan sağlamlığının qorunması kimi bacarıqlar formalaşdırır.
10.Müşahidəyönümlülük. Müşahidə yolu ilə canlı təbiəti daha yaxşı öyrənmək mümkün olur. Belə ki, canlıları müşahidə etməklə şagirdlər onlarda gedən  bioloji hadisə və prosesləri, onların xarici mühitlə qarşılıqlı əlaqəsini, bir sözlə, canlı təbiətin inkişaf qanunauyğunluqlarını daha yaxşı dərk edirlər.
11.Yaradıcı tətbiqetmə. Hazırda biologiyanın tədrisində şagirdlərin ekskursiyaya getmələrinin, laborotoriya işlərinin təşkilinə böyük ehtiyac vardır. Bu işlərin təşkilində şagirdlər biologiya, fizika, kimya, hətta riyaziyyat fənlərinin tədrisindən qazandıqları bilikləri təcrübədə tətbiq etməyi öyrənirlər.
12.Dəstəkləyici mühitin yaradılması. Tədris prosesində dəstəkləyici mühiti yaratmaq üçün kifayət qədər əyani və texniki vasitələr, tədris təcrübə sahəsi, müxtəlif ədəbiyyat, dərslik və dərs vəsaitləri olmalı, peşəkarlığı yüksəldən müəllim, kömək etməyə hazır olan yoldaşlar və valideynlər bu işə qoşulmalıdırlar.
Şagirdin tədqiqatçılığı, kəşfə istiqamətləndirilməsi şagirdin müstəqil fəaliyyətinin stimullaşdırılması üçün sağlam mənəvi psixoloji mühit yaradılması çox vacib şərtdir.
Müəllim öz fənnini lazımi səviyyədə bilməlidir. Proqram materialı ilə yanaşı, biologiya fənni üzrə yeniliklərlə maraqlanmalı, məktəbdə istifadə olunan əlavə ədəbiyyatlarla, dərsliklərlə tanış olmalıdır.
Müəllimlər təlim prosesində şagirdlərin nəyi mənimsədiklərinə, necə düşündüklərinə, tədqiqat aparmalarına və ünsiyyətlərinə nəzarət edir. Şagirdlərə öz biliklərini və tapşırıqların icra səviyyəsini necə artırmağı öyrədirlər. Müəllimlər şagirdlərə istiqamət verməli, sinifdə şagirdlərin fəallığını təmin etməli, onları həvəsləndirməyi bacarmalıdır. Müəllim valideynlərlə sıx əlaqə saxlamalı, yeri gəldikcə valideynlərin də maarifləndirilməsi ilə məşğul olmalıdır.
Valideynlər öz övladlarının dərslikləri, müasir dərsə verilən tələblərlə tanış olmalıdır. Yeri gəldikcə övladlarına yardım etməlidirlər. Övladlarının çətinliklərinin səbəbini aydınlaşdırmalı, müəllimlərlə daima əməkdaşlıq etməlidirlər.
Şagird təlim prosesinə məsuliyyətlə yanaşmalı,  daima axtarışlara, tədqiqatçılığa meyl etməli, hazır biliklərlə kifayətlənməməlidir. Araşdırmalar aparmalı «niyə, «nə üçün suallarına cavab tapmağa çalışmalıdır.
Şagird bilməlidir ki, o, biliklərə təklikdə deyil, müəllimləri, ən başlıcası isə yoldaşları ilə birlikdə əməkdaşlıq şəraitində daha asan nail ola bilər.

Комментариев нет:

Отправить комментарий