UŞAQLARLA DOĞRU MÜNASİBƏTİ NECƏ QURMALIYIQ ?

Картинки по запросу aile
  • Belə bir vəziyyəti təsəvvür edin: Hava soyuqdur,qar yağır. Siz öz yeniyetməlik dövründə olan qızınıza qalın geyinməyini məsləhət görürsünüz. O isə cavab verir: "Yox! geyinməyəcəyəm, mənə soyuq deyil. Qalın geyinmək istəmirəm, çünki qalın geyinəndə çox kök və səliqəsiz görünürəm. Sən məni heç başa düşmürsən!".
  • Qızınızın sinif rəhbəri sizi məktəbə çağırır və deyir ki, övladınızda son zamanlar aqressiv davranışlar müşahidə etmişik, sinif yoldaşlarına sataşır, dərslərə mane olur. Eyni zamanda, dərslərində geriləyib.Bu hal sizi çox utandırır..
  • Sizin 5 yaşında olan uşağınız bütün oyuncaqlarını ətrafa dağıdır və heç bir sözünüzə qulaq asmır.
  • Yeniyetməlik yaşında olan övladınız gec saatlarda dostları ilə gəzməyə çıxmaq istəyir. Amma siz bunu onun üçün təhlükə hesab edirsiniz və icazə vermirsiniz. O sizin məsləhətinizə qulaq asmır və təhdidlər yağdırır. Siz özündən çıxırsınız və uşağınıza qışqırırsınız və s. Bu siyahını sonsuza qədər davam edə bilərik..
Hər bir valideyn daima belə problemlərlə rastlaşır. Bu hallar görünüşdə bir-birindən fərqlənsə də, əslində onların kökündə bir problem dayanır - uşağımız bizə qulaq asmır. Siz belə vəziyyətdə nə edirsiniz?
Təcrübə göstərir ki, çox zaman valideynlər uşaqları onları dinləmədikdə qışqırıqlara, təhdidlərə və cəzalara qaçırlar. Qısaca, bu sxemi bela təsvir edə bilərik. Uşaq nəsə edir, valideyn onunla razı deyil və aqressiv münasibət göstərir, sonra uşaq valideynin aqressiv reaksiyasına sərt reaksiya verir. Ehtiraslar qaynayır! Və bu proses dairəvi şəkildə davam edir! Adətən belə ünsiyyətin sonu uşaqları cəzalandırmaqla nəticələnir: nəyisə məhrum etmək, gəzməyə buraxmamaq və s. Sizcə belə davranış problemi həll edirmi? Bəzən, xeyr. Uşaq o anda davranışını dəyişdirə bilər, amma bir müddətdən sonra bu davranışını təkrarlamayacaqdır.
Bəs problemin həllində uzun müddətli nəticə almaq üçün uşaqla necə münasibət qurmalıyıq?
Suala cavab verməzdən əvvəl qeyd etmək istəyərik ki, tamamilə eyni xarakterdə uşaq yoxdur. Hər bir uşaq fərdi və unikaldır. Müvafiq olaraq, uşaqların tərbiyəsinin universal sxemi yoxdur, ancaq biz sizə uşağınızla düzgün münasibət qurmağın bəzi ümumi qaydalarını təklif edə bilərik.
İlk növbədə, biz, bir qayda olaraq uşaqlarla hökümlü münasibət qurmaqdan qaçmalıyıq. Uşaqlarımızla dostluq etməyi öyrənməliyik. Dostluq münasibətlərinin əsasını isə uşaqlarla qurduğumuz doğru emosional əlaqə və qarşılıqlı bağlılıq təşkil edir. Biz uşağımıza onu sevdiyimizi və anladığımızı hər zaman hiss etdirməliyik. Bunun üçün, ona daha çox diqqət ayırmalıyıq, həmişə fikirlərini dinləməliyik, onlara hörmət etməliyik. Həmçinin, övladlarınızın doğru və ya yalnış davranışlarından asılı olmayaraq, yanında olduğunuzu və daima dəstəklədiyinizi hiss etdirin. Nəticə olaraq, bizim onları anladığımızı, fikirlərini diqqətlə dinlədiyimizi, hörmət etdiyimizi, hər zaman dəstəklədiyimizi hiss etdirərək, biz onlara özünü ifadə üçün də şərait yaratmış oluruq. Bela halda uşaqlar valideynlərin tövsiyələrini daha rahat qəbul edir və beləcə, sizin aranızda əməkdaşlıq münasibətləri qurulur.
Ancaq uşaqla güclü bağlılıq qurmaq ona tam sərbəstlik vermək deyil. Onlara bəzən sərhədlər qoymaq mühümdir. Sərhədlərin və qadağaların yoxluğu - uşaqlar üçün böyük stresdir. Demək olar ki, biz “yox” deyərək onları xaosdan xilas edirik, həyatlarını qaydaya salırıq. Ailə daxili normalarla qarşılaşıb, sizdən “yox” cavabı alaraq, gələcəkdə ətraf mühitin, cəmiyyətin də qoyduğu qadağaları rahat qarşılayır və onları qəbul etməyi öyrənir.
Deyək ki, bizim uşağımız aqressiv davranırdı, emosiyalarını cilovlaya bilmirdı, amma biz onunla emosional əlaqəni qurmaqla onu sakitləşdirə bildik. Bəs sonra nə etməliyik? Növbəti addımımız nə olmalıdır? Cavab - düzgün davranışa yönləndirmək. Bunu sadəcə doğru bildiyimiz davranışı nümayiş etdirərək edə bilərik. Əlbəttə, nəticənin yaxşı olması üçün uşaqların yaş xususiyyətlərini də nəzərə almaq lazımdır. Məsələn, əgər sizin uşağınız 5-6 yaşındadırsa onun oyun fəaliyyətinə qoşularaq, oyun əsnasında doğru bildiyiniz davranış modelini nümayiş etdirə bilərsiniz. Bu daha effektiv olar, çünki, bu yaşda olan uşaqlar bir qayda olaraq ətraf mühiti oyun fəaliyyətində dərk edirlər. Ancaq, əgər sizin uşağınız yeniyetməlik dövründədirsə, onunla sadəcə söhbət edərək məqsədinizə çata bilərsiz. Amma bu söhbəti bir-birini başa düşən iki böyük insan kimi aparmağınız məqsədə uyğundur. Buna səbəb bu dövrdə yeniyetmələrdə yeni yaranan “böyüklük hissi”dir. Bəs “böyüklük hissi” nədir? Uşaqlar, yeniyetməlik dövrünə çatanda özlərini böyüklər və kiçiklələrlə müqayisə edərək, anlayırlar ki, onlar artıq uşaq deyillər, artıq böyüyüblər. Ancaq bu zaman onların sadəcə özlərini böyük hiss etmələri yetərsizdir. Yeniyetmələr həm də başqalarının (əsasən yaşıdlarının, müəllimlərinin, valideynlərinin) onları böyük kimi qəbul etmələrini istəyirlər. Bəzən davranışlarında müşahidə olunan ani dəyişikliklərin səbəbi də bu olur. Beləliklə, onlarla böyük kimi, bərabər mövqedən ünsiyyət qurmağımız daha effektiv olardı.
Amma unutmamalıyıq ki, doğru davranışa yönləndirmə uşaqların gərgin emosional vəziyyətində mümkün deyil. Belə vəziyyətdə uşaq sizdən aldığı informasiyanı təhlil etməyəcək, daha doğrusu o sadəcə sizi eşitməyəcək. Ona nəsiyyət vermək lazım deyil, onu sadəcə sakitləşdirmək lazımdır və yalnız o sakitləşəndən sonra öz sözlərinizi, istəklərinizi çatdırmaq doğru olardı.

Beləliklə biz, nəticə olaraq nə əldə edirik? Alimlərin fikirləri birmənalıdır. Yalnız sevgi ilə əhatə olunan, valideynləri ilə güclü emosional bağ qura bilən, eyni zamanada qarşılarına bəzi qaydalar və sərhədlər qoyulan uşaqlar hər sahədə müvəffəqiyyətli olurlar: həm işdə, həm məktəbdə, həm dostluqda və s. Daima uşağınıza bir qayda olaraq eyni cür davranın (stabil olun), uşaqlarınızla münasibətdə empatiya qurun, sevgi və hörməti ifadə edin. Bu zaman bizim uşaqlarımız daha xoşbəxt böyüyəcəklər və bu da onların həyat fəaliyyətinə təsir göstərəcəkdir: dərslərini yaxşı oxuyacaqlar ən əsası, möhkəm dostluq etməyi öyrənəcəklər.

Комментариев нет:

Отправить комментарий