METODİK SƏNƏD

İNTERAKTİV TƏLİM ÜSULLARI VƏ TEXNİKALARI
BEYİN HƏMLƏSİ 

o «Beyin həmləsi» və ya «Əqli hücum» (Brainstorming)
o BİBÖ (KWL)
o Аuksion (Auction)
o Klaster (Cluster)
o Suallar (Questioning)
o Anlayışın çıxarılması
o Söz assosiasiyaları

MÜZAKİRƏLƏR

o Diskussiya (Discussion)
o Çarpaz müzakirə (Debate)
o Müzakirə xəritələri (Discussion map)
o Klassik dialoq
o “Akvarium”
o Аçıq iclas (Forums)
o Dairəvi müzakirə

ROLLU OYUNLAR

o Rollu oyun (Role play)
o Modelləşdirmə (Simulation)
o İşküzar oyunlar (Business play)
o Səhnələşdirmə (Dramatize)

TƏQDİMATLAR

o Təqdimatlar (Demonstration)
o Ekspert qrupu (Panels)
o Esse (Esse)


TƏDQİQATIN APARILMASI

o Problemin həlli (Problem solving)
o Kublaşdırma (The cube)
o Konkret hadisənin tədqiqi (Case study)
o Venn diaqramı (Venn diagram)
o Layihələrin hazırlanması (Projects)
o Sosioloji sorğu (Sorğu vərəqləri )
o Müsahibə (Interview)
“Qərarlar ağacı”
o “İdeyalar xalısı”
o Refleksiya (Reflection)
o Komitələr (Committees or Task Force)



MƏNTİQİ TƏFƏKKÜRÜN İNKİŞAFINA YÖNƏLDİLMİŞ 

o «Аlqoritmin çıxarılması – analizdən sintezə»
o «Ən mühümü»
o «Tapşırıqlar qrupu üçün süjet əsasının yaradılması»
o Qaydalara əsasən oyunlar: oyun-tapmaca, oyun-yarış.
o Аlqoritm üzrə təsvir (zəncirlər)

TƏNQİDİ TƏFƏKKÜRÜN İNKİŞAFINA YÖNƏLDİLMİŞ 
o Meyar üzrə qiymətləndirmə
o Аmbivalent qiymətləndirmə
o Cisim və ya hadisəyə müxtəlif nöqteyi-nəzərdən baxılması (Viewpoint)


YARADICILIĞA YÖNƏLDİLMİŞ

o Yaradıcı əsərlərin yaradılması
o Əşyaların qeyri-adi istifadəsi
o Proqnozlaşdırma (Prognosis)
o Аtalar sözləri üzrə iş
o Fantaziyanın binomu
o Sərbəst prefiks (ön şəkilçi)
o Fantaziyanın polinomları
o Fokal obyektlərin metodu
o Morfoloji analiz (Morfoloji qutu , təkmilləşdirmə )
o Sinektika

TƏŞKİLATİ

o Ziqzaq və ya Mozaika (Jigsaw Puzzle)
o Karusel (Carousel)

QRUPLARA BÖLÜNMƏ

o «Say».
o «Аd günləri sırası üzrə say»
o «Ümumi xüsusiyyət»
o «Püşkatma»
o «Mozaika»
o Sosiometrik üsul
o «Mahnı axtarışında»


FƏALLAŞDIRMA

o Müsbət iş iqliminin yaranmasına imkan yaradan oyunlar (Climate setters)
o Buz əridən oyunlar (Ice breakers)
o Fəallaşdırma oyunları (Energizers)






İNTERAKTİV TƏLİM ÜSULLARI

Kurikulumda müəyyənləşdirirlmiş standartlara uyğun bilik və
bacarıqların formalaşdırılması üçün ənənəvi təlim metodları ilə yanaşı
aşağıdakı interaktiv üsulların istifadəsi tövsiyə olunur:
• Beyin həmləsi (əqli hücum),
• BİBÖ;
• Müzakirə;
• Venn diaqramı;
• Klaster;
• Anlayışın çıxarılması
• Suallar,
• Problemli vəziyyət və s.
 BEYİN HƏMLƏSİ 
Bu üsul əqli hücum da adlandırılır. Şagirdlərdə yeni mövzuya maraq
oyatmaq, habelə onların nəyi yaxşı (və ya pis) bildiklərini aydınlaşdırmaq
məqsədilə bu üsuldan istifadə olunur. Hazırlanmış sual lövhədə yazılır,
yaxud şifahi şəkildə şagirdlərin diqqətinə çatdırılır. Şagirdlər suallara
əsasən fikirlərini bildirirlər.Bütün ideyalar şərhsiz və müzakirəsiz yazıya
alınır. Yalnız bundan sonra söylənilmiş ideyaların müzakirəsi, şərhi və
təsnifatı başlayır. Aparıcı ideyalar yekunlaşdırılır, şagirdlər söylənmiş
fikirləri təhlil edir, qiymətləndirir.
AKVARİUM_
Müəyyən olunmuş mövzu üzrə birinci qrup diskussiya aparır.15-20
dəqiqədən sonra diskussiya dayandırılır, “xarici dairənin” iştirakçıları
diskussiyanın gedişini qiymətləndirir və qruplar yerini dəyişərək bu və ya
digər problemin müzakirəsini davam etdirirlər.
“Akvarium”un keçirilməsinin 2-ci variantı:
“Daxili dairənin” iştirakçıları müəllimin təklif etdiyi problemi
müzakirə edir və birinci variantdan fərqli olaraq iştirakçılar bu zaman
yalnız problemin “lehinə” olan dəlilləri söyləyirlər.
Digər qrupun üzvləri xarici dairədə stullarda əyləşirlər,dəlilləri dinləyir,
yazıya alır, təhlil edir, öz əks dəlillərini hazırlayırlar.15-20 dəqiqədən
sonra diskussiya dayandırılır, xarici və daxili dairədən olan şagirdlər öz
yerlərini dəyişirlər. Onlar əvvəlki iştirakçıların dəlillərini təkzib etmək
üçün diskussiya aparırlar.Burada qrupların vahid fikrə gəlməsi önəmli
deyil.
 AUKSİON
Müəllim öyrənilən məsələni müəyyən edərək şagirdləri auksionun
keçirilmə qaydaları haqqında təlimatlandırır. Öyrənilən əşya və ya
hadısənin xüsusiyyətləri ardıcıl şəkildə adlandırılır.
Hamı növbə ilə əşya və ya hadisə haqqında fikir söyləyir: hər bir fikirdən
sonra müəllim sayır. “Bir, iki”. Bu zaman başqa iştirakçı tez təklif verə
bilər. Sonuncu təklif verən qalib sayılır .Fikirlər birbirini
təkrarlamamalıdır. Bunun üçün hamı bir-birini dinləyir.
Nümunə:
Riyaziyyat dərsində müəllim 7 ədədinin tərkibini keçərkən sinfə “7 ədədini
necə aldınız? “ sualını verməklə auksion keçirir.
Müəllim üçün məlumat
Mümkün olan cavablar:
1) 6+1=7 4) 5+2=7 2) 4+3=7 5) 3+4=7 3) 2+5=7 6) 1+6=7
7) 1+1+1+1+1+1+1=7
Oyunda axırıncı mümkün cavabı verən şagird “Auksion”u qazanır.
                                                   ZİQZAQ
Bu üsul mətnin məzmununun qısa müddət ərzində şagirdlər tərəfindən
mənimsənilməsinə imkan yaradır.
• Şagirdlər dörd nəfərlik qruplara bölünür (əsas qrup). Qruplardakı
şagirdlər yenidən nömrələnir. Hər qrupdakı eyni rəqəmli şagirdlərdən
yeni qrup (ekspert qrupu) yaradılır.
• Öyrəniləcək mətn qrupların sayı qədər hissələrə bölünür və ekspert
qruplarına verilir.
• Ekspert qrupları onlara verilən hissəni oxumalı və məzmununu
qavramalı və öz əvvəlki qrupuna qayıdaraq öyrəndiyi hissəni onlara
danışmalıdır.
• Müəllim informasiyanın dəqiq verildiyinə əmin olmaq üçün suallar
verə bilər.
 MÜHAZİRƏ 
Mühazirə məlumatın müəllimdən şagirdə ötürülmə üsuludur. Bu
üsuldan mövzu ilə bağlı məzmunun zənginləşdirilməsi, tamamlanması
məqsədilə istifadə etmək məqsədəuyğundur. Belə qısa mühazirələr 10-15
dəqiqə ərzində aparılır.
Mühazirə ilə bağlı aşağıdakı məsələlərə nəzər yetirmək məqsədə
müvafiqdir:
• Mühazirənin məqsəd və vəzifələrini dəqiq müəyyənləşdirmək,
• Plan tərtib etmək və onu şagirdlərə paylamaq (və ya lövhədə
yazmaq).
• Əyani və texniki vasitələrdən istifadə etmək.
• Müəllim mühazirə prosesini verbal (suallar vermək) və vizual
(şagirdlərin sifətlərinin ifadəsini və jestlərini müşahidə etmək)
tənzimləməlidir.
KARUSEL
Dərsdən əvvəl iri ağ kağızlarda (vatman) mövzuya aid suallar yazılır.
Müəllim qruplara müxtəlif sual yazılmış bir kağız verir. Qrup üzvləri sualı
oxuyur və bir cavab yazır. Kağızlar saat əqrəbi istiqamətində müəllimin
köməkliyi ilə qruplara ötürülür. “Karusel” kimi kağızlar bütün digər
qruplardan keçərək axırda öz qrupuna qayıdır. Müəllim bu kağızları yazı
lövhəsinə yapışdırır və bütün sinif cavabları müzakirə edir.
KLASTER (şaxələndirmə)
Müəllim tərəfndən lövhədə və ya iş vərəqlərində dairə çəkilir və
onun mərkəzində yazılmış anlayış ilə bağlı söz və ya ifadələr söyləmək
şagirdlərə tapşırılır. Mərkəzdə yazılmış anlayışdan başlayaraq hər növbəti
söz onunla əlaqəli sözlər xətlərlə birləşdirilir. Vaxt bitənə qədər mümkün
qədər çox fikir yazmaq və onları əlaqələndirmək tövsiyə olunur.Vaxt
bitəndən sonra alınan klaster müzakirə edilir və ümumiləşdirmə aparılır.
SUALLAR
Suallar dərs prosesində tədqiqatların səmərəli qurulmasını
stimullaşdırır. Şagirdlərin idrak fəallığının artırılmasında böyük rol
oynayır. Sualların sayının 4-5 arasında olması məqsədəuyğundur. Sualların
qoyuluşu tənqidi təfəkkürün inkişafına doğru yönəldilməli, məntiqi
ardıcıllıq gözlənilməli, məzmunlu və mövzu ilə bilavasitə əlaqəli
olmalıdır.
BİBÖ – Bilirəm/İstəyirəm bilim/Öyrəndim
BİBÖ aşağıdakı mərhələlər üzrə aparılır:
• Problem müəllim tərəfindən elan edilir.
• Müəllim lövhədə 3 sütundan ibarət cədvəl qurur və aşağıdakı
bölmələri qeyd edir: – Bilirəm/İstəyirəm bilim/Öyrəndim
• Şagirdlər problemlə bağlı bildiklərini söyləyir və cavablar birinci
sütunda qeyd olunur.
• Həmin məsələ ilə bağlı bilmək istədikləri isə ikinci sütuna yazılır.
• Dərsin sonunda bir daha həmin cədvələ diqqət yetirilir və mövzu ilə
bağlı öyrəndikləri üçüncü sütunda qeyd edilir.
 ROLLU OYUN 
Rollu oyunlar hər hansı bir problemə müxtəlif nöqteyi-nəzərdən
yanaşmağı tələb edir. Bu üsul şagirdlərə hadisələrin iştirakçısı olmaq və
mövcud vəziyyətə başqalarının gözu ilə baxmaq imkanı verir.
 ANLAYIŞIN ÇIXARILMASI 
Bu üsul oyun- tapmaca formasında keçirilir və şagirdlərdə yüksək
fəallıq yaradır.Müəllim lövhədə dairəvi kart asır, onun arxasında
şagirdlərdən tələb olunan anlayışı yazır. Kartın yazı olmayan tərəfini
şagirdlərə göstərir və gizlədilmiş anlayışların xüsusiyyətlərinə aid 2 və ya
3 yönəldici söz sadalayır və ya yazır. Şagirdlər həmin xüsusiyyətlərə
uyğun olaraq gizlədilmiş anlayışı tapırlar. Əgər şagirdlər anlayışı
tapmaqda çətinlik çəksələr, müəllim əlavə olaraq yeni xüsusiyyətlər
sadalayır.
Şagirdlər öz fərziyyələrini dedikdən sonra müəllim bu tapmacananın
tapilib-tapilmamsını hamıya çatdırır və kartoçkalarda yazılan sözləri
açıqlayır.
MÜZAKİRƏ
Müzakirə mövzu ətrafında ideya, məlumat, təəssürat, təhlil və
təkliflərin qarşılıqlı mübadiləsidir. Onun əsas vəzifəsi problemi təhlil
edərək həlli yolunu tapmaq, düzgün qərar qəbul etmək üçün imkan
yaratmaqdır.
Müzakirə dinləmək, təqdim etmək, sual vermək mədəniyyətini
formalaşdırır, şagirdlərin məntiqi və tənqidi təfəkkürünü, şıfahi nitqini
inkişaf etdirir.
Müzakirə apararkən əvvəlcədən şagirdlərə müzakirə qaydaları xatırladılır.
Mövzu aydın şəkildə ifadə olunur. Müzakirə prosesini inkişaf etdirən
suallar vermək və şagirdlərin cavablarını nəzərdən
keçirməklə müəllim müzakirəni tənzimləyir. Bu zaman cavabı “Bəli” və
ya “xeyr” olan qapalı suallar vermək məqsədəuyğun hesab edilmir.
 “ QƏRARLAR AĞACI “
Bu üsul qərarların qəbul edilməsi zamanı alternativ yolları
araşdırmaq və təhlil etmək məqsədi daşıyır.
Müzakirə olunacaq problem müəllim tərəfindən izah edilir və onun həlli
yollarının bir neçə variantı şagirdlərlə birlikdə müəyyənləşdirilir. 4-6
nəfərdən ibarət qruplarda şagirdlər problemin həlli yollarının
üstünlüklərini və çatışmazlıqlarını təhlil edir, onları “+”, və ya “-”
işarəsinin qarşısında müvafiq qaydada qeyd edirlər. Son nəticə cədvəlin
qərar hissəsində yazılır və üstü örtülür. Bütün qrupların təqdimatından
sonra müəllim əldə olunmuş nəticələri ümumiləşdirmək üçün müzakirə
aparır.
SÖZ ASSOSİASİYALARI
Bu üsuldan istifadə edilərkən öyrəniləcək mövzuya aid əsas söz (və
ya söz birləşməsi) lövhəyə yazılır. Şagirdlər həmin söz ilə bağlı ilk
xatırladıqları fikirləri söyləyir və həmin fikirlər müəllim tərəfindən
lövhəyə yazılır.Mövzu ilə bağlı olan sözlər deyilən fikirlərin arasından
seçilir və əlaqələndirilir, onlardan anlayış və yaxud ideya çıxarılır.Bu
anlayış əsasında yeni materialın öyrənilməsinə başlanır. Bu üsul həm də
şifahi formada tətbiq edilə bilər.
PROBLEMLİ VƏZİYYƏT 
Bu üsul tənqidi təfəkkürü, təhliletmə və ümumiləşdirmə vərdişlərini
inkişaf etdirir.
Müəllim əvvəlcədən problemi və müzakirə üçün sualları hazırlayır.
Şagirdlər 4-5 nəfərlik qruplara bölünür. Problemli vəziyyət əks olunmuş iş
vərəqləri uşaqlara paylanır. Hər qrup təklif edilən vəziyyətlərdən birini
müzakirə edir və həlli yolunu göstərir.
Qruplar öz işlərini bitirdikdən sonra sinifdə ümumi müzakirə aparılır.
VENN DİAQRAMI
Əşya və ya hadisələri müqayisə etmək, onların oxşar və fərqli
cəhətlərini müəyyənləşdirmək üçün bu üsuldan istifadə olunur.
Venn diaqramından istifadə prosesi aşağıdakı mərhələlər üzrə aparılır.
–Müqayisə olunacaq əşya və hadisələr müəyyənləşdirilir
–Kəsişən dairələr çəkilir (ortada yazmaq üçün yer saxlanır)
–I və III dairədə müqayisə olunacaq obyektlər qeyd olunur
–Şagirdlər təlimatlandırılır (təlimatda nəyin müqayisə olunacağı və
dairələrdə oxşar və fərqli cəhətlərin necə qeyd olunacağı barədə danışılır).
–Müqayisə olunan obyektlər təsvir edilir: (fərqli cəhətlər sağ və sol
tərəfdə, oxşar cəhətlər kəsişmə dairəsində qeyd olunur).
–Müqayisə nəticəsində fikirlər ümumiləşdirilir.
 LAYİHƏLƏRİN HAZIRLANMASI
• Layihələrin hazırlanması müxtəlıf mövzuların müstəqil şəkildə
tədqiq edilməsidir. Şagirdlər öz layihələrini təqdim etməzdən əvvəl
uzun müddət onun üzərində işləyirlər. Layihələr şagirdlərin tədqiqat
vərdişlərinin, biliklərə müstəqil yiyələnmə bacarıqlarının
formalaşmasında mühüm rol oynayır, onlara müstəqil şəkildə öz
fəaliyyət proqramlarını qurmağa, habelə öz vaxtını və işini qrafik
üzrə planlaşdırmağa kömək edir.Bu üsul həmçinin şagirdlərin birbiri
ilə, eləcə də məktəbdən kənarda müxtəlif adamlarla qarşılıqlı
əlaqəsi üçün şərait yaradır, hadisələrin hər hansı bir aspektini daha
dərindən anlamağa imkan verir, əlavə ədəbiyyatdan istifadə etməyə
istiqamətləndirir.
• Layihələr hazırlayarkən müəllim mövzu və ya problemi müəyyən
edir və sinfə bunlardan birini seşmək imkanı verir. Problem
həmçinin sinif tərəfindən “əqli hücum ” üsulu ilə seçilə bilər.
• Problem konkret olmalıdır. Müəllim və şagirdlər birlikdə layihə
üzərində işin başlama və başa çatma müddətini, istifadə olunacaq
əyani vasitələri (ədəbiyyatlar, mənbələr, təsviri vasitələr və s.)
bunları əldə etmək yollarını, iş formalarını (fərdi yoxsa, qrup
şəklində) müəyyən edirlər.
• İş prosesində müəllim suallara cavab verə və ya yol göstərə bilər. İşin
icrasına isə şagirdlər özü cavabdehdir.
• Tədqiqatın nəticəsi hesabat, xəritə, illüstrasiya, fotoşəkillər cədvəllər,
qrafiklər, formasında ifadə oluna bilər.
SORĞU VƏRƏQLƏRİ VƏ MÜSAHİBƏ 
Bu üsullar araşdırılan məsələ ilə bağlı fakt və hadisələr haqqında
müəyyən qrupların ictimai rəyini öyrənmək məqsədilə aparılır.
• Sorğu vərəqi araşdırılan məsələ ilə bağlı tərtib edilir və burada
suallar qoyulur. Sorğuda iştirak edənlər bu vərəqi müstəqil doldurur.
• Müsahibə isə araşdırılan məsələ ilə bağlı məlumat almaq üçün
aparılır.
• Bu üsullardan istifadə edərkən aşağıdakı mərhələlərin gözlənilməsi
məqsədəmüvafiq hesab edilir:
• Problemi müəyyən etmək
• İşi təşkil etmək (Sorğu və ya müsahibə keçirmək üçün suallar
hazırlamaq)
• Məlumatları toplamaq ( Sualların cavablarını toplamaq).
• Əldə edilmiş məlumatları təhlil etmək və ümumiləşdirmək



Комментариев нет:

Отправить комментарий