AZƏRBAYCAN DİLİNİNİN (RUS BOLMƏLƏRİNDƏ) MƏZMUN XƏTLƏRİNİN ŞƏRHİ (DÖVLƏT DİLİ KİMİ)



Картинки по запросу Azərbaycan diliFənn üzrə məqsəd və vəzifələrin həyata keçirilməsi üçün aşağıdakı məzmun xətləri müəyyənləşdirilir:
·        Dinləyib-anlama
·        Danışma
·        Oxu
·        Yazı

Dinləyib-anlama
Dövlət dili kimi Azərbaycan dilinin təlimində dinləyib-anlama bacarıqlarının formalaşdırılması vacib amil kimi meydana çıxır. İbtidai təhsil səviyyəsində mənimsədilmiş ilkin bacarıqlar əsas və orta təhsil səviyyələrində daha da inkişaf etdirilir. Şagirdlər təlim prosesindəki bütün danışıqları, o cümlədən dialoji və monoloji nitq nümunələrini, oxunmuş elmi-kütləvi və bədii mətnləri, radio-televiziya verilişlərini, məktəb tədbirlərindəki çıxışları dinləyib başa düşür, eşitdiklərinə münasibət bildirirlər. Bütün bunlar şagirdlərə əldə etdikləri bacarıqlardan danışma zamanı istifadə etməyə, məktəbdə, cəmiyyətin digər sahələrində dinlədiklərini anlamaqla fəaliyyətlərini daha düzgün qurmağa imkan yaradır.
Ümumi nəticələr
Şagird:
·        danışanı dinləyir və onu anladığını büruzə verir;
·        dinlədiyi söz, ifadə və cümlələrin mənasını izah edir;
·        dinlədiyi müxtəlif janrda və üslubda olan mətnləri anladığını nümayiş etdirir;
·        danışanın nitqindəki əsas faktları seçə bilir.

Danışma
Danışma dinləyib-anlama məzmun xətti üzrə əldə olunmuş bacarıq və vərdişlərin inkişafı üçün zəmin yaradır. Şagirdlər eşitdiklərini ifadə etmək üçün danışma məzmun xətti üzrə bacarıqlardan istifadə edirlər.
Danışma nitq fəaliyyəti növlərindən biri olmaqla yanaşı,  ünsiyyət və əlaqənin əsasını təşkil edən bacarıqlardan ibarət xətt kimi Azərbaycan dili təliminin məzmununda əhəmiyyətli yer tutur. Təhsilin bütün səviyyələrini əlaqələndirən bu məzmun xətti ünsiyyət üçün zəruri olan cümlə qurmaq, şifahi mətn tərtib etmək, dialoji və monoloji nitq formalarından istifadə etmək, nəqli, təsviri, mühakimə xarakterli şifahi məlumatlar və təqdimatlar hazırlamaq bacarıqlarının formalaşdırılmasını təmin edir.

Ümumi nəticələr
Şagird:
·        dil vahidlərindən istifadə edərək müstəqil surətdə şifahi mətnlər qurur, fikirlərini sərbəst ifadə edir;
·        ünsiyyət prosesində nitqin müxtəlif formalarından məqsədyönlü  istifadə edir;
·        müşahidə etdiyi əşya və hadisələri şifahi təsvir edir;
·        dinlədiyi mətnin məzmununu məntiqi ardıcıllıqla nəql edir;
·        müxtəlif məzmunlu tədbirlərdə yaş səviyyəsinə uyğun təqdimatlar edir.

Oxu
Oxu məzmun xətti ümumi təhsilin bütün səviyyələrində istifadə olunmaqla onları əlaqələndirir. Şagirdlərin müxtəlif mənbələrdən istifadə etməklə həyat şəraiti üçün lazım olan fakt və hadisələri öyrənmə imkanlarını genişləndirir. Lüğət ehtiyatlarının zənginləşdirilməsi, ilkin oxu texnikasının, düzgün tələffüz, sürətli, düzgün, şüurlu, ifadəli oxu  vərdişlərinin formalaşdırılması təmin olunur. Oxunmuş müxtəlif növdə, üslubda olan mətnlərin məzmunu üzərində iş aparmaqla fakt və hadisələri qruplaşdırmaq, müqayisə etmək, oxşar və fərqli cəhətlərini müəyyənləşdirmək, onlara münasibət bildirmək üçün şərait yaranır. Şagirdlər idraki və hissi bacarıqlara yiyələnmək üçün imkanlar əldə edirlər.
Ümumi nəticələr
Şagird:
·        oxuduğu mətndə sözlərin mənasını izah edir;
·        orfoepiya qaydalarını, vurğu, intonasiya və fasiləni gözləməklə mətni düzgün oxuyur;
·        Azərbaycan dilində olan mətnlər üzərində işləyir, onların məzmunu haqqında mülahizələrini bildirir;
·        elmi-kütləvi və bədii mətnləri ifadəli oxuyur.

Yazı
İnsanlar yazı vasitəsi ilə həyat boyu  ictimai, iqtisadi və mədəni sahələrdə əldə etdikləri nailiyyətləri ümumiləşdirir, elmi, bədii yaradıcılıq işləri aparır, özünün tarixini yaradır, onu gələcək nəsillər üçün sistemləşdirir, qoruyub saxlayırlar. Dilin özünəməxsusluğunu, zənginliyini mühafizə edirlər. Yazı Azərbaycan dili təlimində ən zəruri bacarıqları əhatə edir, oxu üzrə fəaliyyətlərin həyata keçirilməsinə imkan yaradır. Buna görə də yazı dövlət dili kimi Azərbaycan dili təlimində məzmun xətlərindən biri kimi qəbul olunur.
Yazı məzmun xətti kimi Azərbaycan dili təlimində ilkin yazı texnikasının, orfoqrafik, durğu işarəsi qaydalarının, dil vahidlərindən, onun üslubi imkanlarından, nitqin müxtəlif formalarından istifadə bacarıqlarının mənimsənilməsini təmin edir.

Ümumi nəticələr
Şagird:
·        yazılı nitqində orfoqrafiya, qrammatika və durğu işarəsi qaydalarını tətbiq edir;
·        öz fikirlərini sərbəst, yazılı ifadə edir;
·        dil vahidlərindən istifadə etməklə müxtəlif əməli yazı bacarıqlarını nümayiş etdirir;
·        müxtəlif mənbələrdən istifadə edərək yazılı çıxış və təqdimatlar hazırlayır.


Комментариев нет:

Отправить комментарий